Suqovuşanın erməni işğalından azad edilməsindən 4 İL ÖTÜR

Suqovuşanın erməni işğalından azad edilməsindən  4 İL ÖTÜR backend

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən dörd il ötür.

Qaziler.az xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49 971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33 651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərindən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ-atıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağ-atıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanun imzalayıb. Dövlət başçısı 2021-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

Diaspora