Bakıda ilk inklüziv kafe - “Kaşalata” fəaliyyətə başlayıb - FOTO

Bakıda ilk inklüziv kafe - “Kaşalata” fəaliyyətə başlayıb - FOTO backend

Bakıda əlilliyi olan şəxslərin də çalışacağı ilk inklüziv kafe - “Kaşalata” fəaliyyətə başlayıb.

Kafenin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, qonaqlar kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan şəxsləri yeni işləri münasibətilə təbrik ediblər.

Nazir S.Babayev həssas qrupların cəmiyyətdə bərabər imkanlara sahib olmasının və onlar üçün inklüziv imkanların yaradılmasının ölkəmizdə aparılan sosial siyasətin prioritet istiqamətlərindən olduğunu bildirib.

O, “Kaşalata” kafenin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacağından əminliyi ifadə edib.

Qeyd edək ki, “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə təsis edilən “Kaşalata” kafe əlilliyi olan gənclərin inklüziv mühitdə məşğulluğuna dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır.

Paytaxtın Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gəncin məşğulluğu təmin olunub və onlardan 10 nəfəri əlilliyi olan gənclərdir.

Kafenin yaradılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Pasha Holding” və “Trendyol Azərbaycan” tərəfindən dəstək göstərilib.

Diaspora