Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri - İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov ilə görüş keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, görüşdə mentorluq proqramı çərçivəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb və qaliblərin liderlik potensiallarının inkişaf etdirilməsi üçün tövsiyələr verilib.
Nazir mentiləri ilə birlikdə hazırladıqları layihə ətrafında müzakirə aparıb, qaliblərin təkliflərini dinləyib. O, növbəti görüşdə layihə ilə bağlı görülən işlərin nəzərdən keçiriləcəyini bildirib.
Qeyd edək ki, S.Babayev mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərovun mentorudur.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də müvafiq Sərəncam imzalanıb.