Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səfərov Səfərali Alverdi oğlunun nəşinin qalıqları sentyabrın 20-də Sumqayıtdakı “Şəhidləri xiyabanı” kompleksində dəfn olunub.
AZƏRTAC xəbər verir ki, Bakıda şəhidin ailə üzvlərinin evində keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıta gətirilib. Dəfn mərasimində şəhidin doğmaları, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaylım atəşi altında şəhidin nəşinin qalıqları torpağa tapşırılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı yaxınlarına təqdim edilib.
Qeyd edək ki, Səfəralı Səfərov 1973–cü ilin dekabr ayının 27-də Ermənistanın Qafan rayonunun Davruz kəndində dünyaya göz açıb. O, 1992-ci il sentyabr ayının 29-da hərbçi kimi Ağdam rayonunun Şirxavənd kəndi ərazisində gedən döyüşlərdə həlak olub. Elə o kəndin qəbiristanlığında da naməlum əsgər kimi dəfn olunmuşdu.