Məhkəmə qazini girov götürən dəstə üzvləri ilə bağlı qərar çıxardı

Məhkəmə qazini girov götürən dəstə üzvləri ilə bağlı  qərar çıxardı backend

Ali Məhkəmədə adam oğurluğunda təqsirləndirilən dəstə üzvləri - Ruslan Əsgərov, İsmayıl Bədəlov, Elşən Məmmədrzayev, İslam Bayramov və Kamil Qədimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti geri götürülüb.

Qeyd edək ki, rəsmi məlumata görə, dəstə üzvlərinin oğurladığı və qarşılığında atasından 30 min manat alınan Mikayıl Mikayılovun Vətən müharibəsi iştirakçısı olması üzə çıxıb.

Belə ki, M.Mikayılov bibisi oğlu ilə birgə müharibəyə qatılıb. Döyüşlərin gedişində bibisi oğlu şəhid olub, Mikayıl isə sonadək müharibədə iştirak edib. O, bibisi oğlunun məclisində iştirak etmək üçün cəbhədən yaşadığı Göyçay rayonunun Ləkiçılpaq kəndinə gələrkən özü ilə iki ədəd "F-1" qumbarası və alışdırıcılar gətirib, onları yaşadığı evin həyətində basdırıb.

Daha sonra hərbi xidmətini tam başa çatdırıb doğma kəndinə qayıdan Mikayıl dostu İsmayıla onda iki ədəd qumbara olduğunu və satmaq istədiyini deyib. İsmayıl isə Mikayılı qorxutmaq və onu girov götürərək ailəsindən pul almaq məqsədilə plan qurub. O bu məqsədlə həmkəndlisi İslamdan kömək istəyib. İslam da məsələ barəsində dostlarına bildirib. Beləliklə 5 nəfərdən ibarət qrup yaradılıb.

Bundan sonra qrup üzvləri Mikayılı onun azad edilməsində dostu İsmayıl və Bayramın müsbət rolunun olmasına inandırıblar və həmin şəxslərə əlavə 20 min dollar verməsini boynuna qoyublar. Lakin bir müddət sonra Mikayıl aldadıldığını başa düşüb və hadisənin elə İsmayılla Bayram tərəfindən təşkil edilməsini öyrənib, hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 noyabr 2022-ci il tarixli hökmü ilə Ruslan Əsgərov 11 il, İsmayıl Bədəlov 11 il, Elşən Məmmədrzayev 11 il, İslam Bayramov 11 il və Kamil Qədimov 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən dəstə üzvlərinin apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, müharibədən qanunsuz silah gətirib satmağa çalışan Mikayıl Mikayılov barəsində də əlavə araşdırmalar həyata keçirilib, cinayət işi açılıb.

Diaspora