Türkün torpağı işğalda qala bilməz...

Türkün torpağı işğalda qala bilməz... backend

Şəhidlik, qazilik ali məqamdır!

QAZİLER.AZ saytı  olaraq yeni bir layihəyə başladıq. Bu layihənin məqsədi 2001-ci ildə rəhmətlik Baş qazimiz Etimad Əsədov və silahdaşları tərəfindən yaradılan “Qarabağ qaziləri” İctimai Birliyinin şəhər  və rayon filial sədrlərini  tanıtmaq, onların və rəhbərlik etdikləri filialın gördüyü işləri dəyərli oxucularımıza təqdim etməkdir.

Qeyd edək ki, “Qarabağ Qaziləri” birliyi 2001-ci ildə, hələ 1992-ci ildə rəhmətlik Baş qazimiz Etimad Əsədov və silahdaşları tərəfindən yaradılan “Qarabağ Əlillər Cəmiyyəti” 2001-ci ildə sabiq Prezident Aparatının rəhbəri Ramiz Mehtiyevin məkrli siyasəti nəticəsində qanunsuz olaraq ləğv ediləndən sonra bu adda fəaliyyətini davam etdirib. “Qarabağ Qaziləri” birliyi 2006-cı ildə isə rəsmən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 

2018-ci ildə Etimad Əsədov rəhmətə getdikdən sonra təşkilat üzvlərinin yekdil qərarı ilə Asəf Əliyev birliyin sədri seçilib. Hazırda birliyin Azərbaycanın 60 şəhər və rayonda filialı, nümayəndəliyi var.

İlk müsahibimiz “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini, təşkilatın Sabunçu filialının sədri qazi Sadiq Vaqif oğlu Quliyevdir. S.Quliyev eyni zamanda, “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavinidir.

Qazi Quliyev Sadiq Vaqif oğlu 1972-ci ilin sentyabrın 4-də Bakıda anadan olub. Əslən şamaxılıdır. Sovetlər dövründə Almaniyanın Şvellen şəhərinə hərbi xidmətə yollanıb. Almaniyadan isə Çita, daha sonra isə zabit kimi təhsil almaq üçün Rusiyanın Vladivostok şəhərinə göndərilib. Lakin həmin vaxt Qarabağda qanlı müharibə getdiyindən xidmətini yarımçıq qoyub vətənə dönür və döyüşlərə qatılır. S.Quliyev 2-ci qrup Qarabağ qazisidir.

2019-cu ildən “Qarabağ Qaziləri” İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədridir.

Ailəlidir, 3 övladı var.

 

RUH YÜKSƏKLİYİ VARDI, AMMA VAHİD KOMANDANLIQ YOX İDİ...

Sadiq vətənə dönən kimi ilk öncə hərbi komissarlığa müraciət edib  və könüllü olaraq Qarabağa yollanır. Hər  bir azərbaycanli kimi, onun da ən böyük arzusu işğalda olan torpaqlarımızı yağı düşməndən azad etmək, bu mübarizədə qalib gəlmək idi. Sadiq o günləri belə xatırlayır: “Bizim hər birimiz lazım gələrsə, vətən uğrunda qanımızdan-canımızdan keçərək Şəhid olmağa hazır idik. Böyük ruh yüksəkliyi ilə döyüşürdük. Amma silah-sursatımız çatmırdı, o vaxt vahid komandanlıq da mövcud deyildi. Hətta vahid hərbi formamız belə yox idi. Demək olar ki, çətin şəraitdə döyüşürdük. Ekipajda 5 nəfərin 1 avtomatı var idi. Çalışırdıq ki, döyüşlərdə ermənilərdən qənimət ələ keçirək. Bütün bunlara rəğmən əzmlə, qorxmadan vuruşurduq. Müharibədə minlərlə qardaşımız Şəhid və Qazi oldular...

Mən döyüşlərdə bir neçə dəfə yaralandım. Sonuncu dəfə Ağdərə istiqamətində gedən döyüşlərdə, Qozlu Körpü ərazisində çox ağır yaralandım. Demək olar ki, ölümlə üzbəüz qalmışdım. Şükür,  göydə Allahın, yerdə isə döyüş dostlarımın, həkimlərin sayəsində sağ qaldım. Qazilər ölümdən dönmüş  insanlardı...”

 

TÜRKÜN TORPAĞI İŞĞALDA QALA BİLMƏZ...

“Qazilərimiz 44 günlük Vətən Müharibəsində də yaxından iştirak etdilər. Fizuli rayon şöbəsindən 2020-ci ildə 72, Ağdamda isə təxminən 40 Qazimiz vuruşurdu. Onlardan biri iki oğluyla savaşa qatılan “Avdal Müşfiq” kimi tanın Qarabağ qazisi Müşfiq Abbasov şəhid oldu. Allah hamısına rəhmət eləsin!

Biz isə Baş idarədən 6 nəfər könüllü olaraq müdafiə nazirliyinə müraciət etdik. Bizi müdafiə nazirliyinin xətti ilə, rəsmi göndərişlə cəbhənin cənub istiqamətinə yaxın “N” saylı hərbi hissəyə göndərdilər. Biz orda müharibə görməyən gənc hərbçilərlə döyüş hazırlığı, psixoloji dəstək baxımından bilik və bacarıqlarımızı bölüşürdük. Əlimizdən gələni, gücümüz  çatanı etdik qələbəmiz üçün. Qarabağ Türk yurdudur. Türkün yurdu işğalda qala bilməz. Zəngəzur, Göyçə də Türk yurdudur, oralar da azadl olunacaq, inşallah!”

 

GƏNCLƏR ÜMİDİMİZİ DOĞRULTDULAR...

“Bəzən gənc nəslə baxıb fikirləşirdim ki, görəsən biz onlarla torpaqlarımızı azad edə biləcəyikmi? Sözün doğrusu, çoxumuz bu haqda bədbin hisslərə qapılmışdıq, gənclərə olan inamımız itmişdi. Çünki zəmanə gəncləri avropalaşmağa meylli idi, elə bilirdik ki, onlarda vətənpərvərlik hissi məhv olub.

Amma onları döyüş meydanında gõrəndə hər birimiz qürurlandıq. Onlar  şücaətlə, qəhrəmancasına döyüşürdülər. Şəhid, qazi  olmaqdan qorxmurdular. Gənclər onlara olan inam və etimadımızı doğrultdular.”

 

ŞƏHÌDƏ, QAZÌYƏ HÕRMƏT HƏR BÌRÌMÌZÌN BORCUDUR...

“Çox əfsuslar olsun ki, bu gün Qazilər arasında intihar halları artıb. Bu da onlara göstərilən diqqətsizlikdən irəli gəlir. Qazilər cəmiyyətin həssas təbəqəsidir. Onlar müharibədə qardaş bildikləri silahdaşlarını itiriblər, travma alıblar, əsəbləri pozulub. Şəhidlərimizin və Qazilərimizin sayəsində bu xalq qalib oldu. Ali Baş Komandan cənab Ilham Əliyevin bir çağırışı ilə DƏMÌR YUMRUQ kimi birləşib milləti ömürlük bir məğlub xalq damğasından xilas etdilər. Şəhidlər, Qazilər 30 illik qisasımızı düşməndən 44 günə alıb dünyaya səs saldılar. Onlarla belə davranmaq olmaz! Çünki Şəhidlik, Qazilik yüksək məqamdır.

Cənab prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev daima qazilərin qeydinə qalır, bu məqsədlə sərəncamlar imzalayır, məmurlara vaxtaşırı tapşırıq verir. Amma göründüyü kimi, bəzi məmurlar bu tapşırığa əməl etmirlər.

Qazi bir iş üçün hansısa məmurun qapısına gedirsə, onu hörmətlə qarşılayıb yola salmaq lazımdır. Məmur o işi həll edə bilməsə də, qaziyə hörmətlə yanaşmalıdı. Unutmamalıyıq ki, Şəhidlər, Qazilər bizim azadlığımız, qələbəmiz üçün canından, qanından keçən oğullardı.

Bu gün Sabunçu rayon şöbəsinin 130 üzvü var. Onlardan 38 nəfər qazi Birinci Qarabağ Müharibəsinin, 92 nəfəri  isə Vətən Müharibəsinin qaziləridir. Hətta biz öz aramızda imkanı zəif olan Qazi ailələri üçün hər ay yardımedirik. Qazilərimizin hüquq və mənafelərinin müdafiə edilməsi istiqamətində, demək olar ki, hər gün müxtəlif işlər görürük. Eyni zamanda, cəmiyyətin şöbəsi olaraq mütəmadi  Qələbə günümüzlə, şəhidlərimizin, qazilərimizin doğum günləri ilə bağlı bu və digər tədbirlər keçiririk. Onu da qeyd edim ki, dəyərli Asəf müəllimin rəhbərliyi ilə “Qarabağ Qaziləri” birliyinin baş idarəsində də hər gün çox ciddi işlər görülür. Elə bir gün olmur ki, Baş idarədə Qazilərimizin problemləri ilə məşul olmayaq. Problem çoxdur, gücümüz çatan qədər həllinə nail oluruq.”

Sevinc MURADXANLI

Diaspora