"Naftalan, Tərtər və Goranboydan sonra Ağdam rayonunda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir".
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) sədri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, Naftalan, Tərtər və Goranboy rayonlarından sonra layihə çərçivəsində Ağdam rayonunda işlər başlayıb. O, bildirib ki, Ağdam da Azərbaycanda minadan ən çox zərərçəkənin yaşadığı rayondur və layihənin bütün işçi heyəti neçə vaxtdır regionda çalışır.
R.Kərimoğlu qeyd edib ki, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir.
O, layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 10 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumqayıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirəcəklərini deyib. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İNİSMA agentləri sorğular keçirəcək. Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tutur. Bu, mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək.
R.Kərimoğlu Ağdam rayonunda bu işin icrası zamanı onlara yaxından köməklik göstərən rayon icra hakimiyyətinin rəhbərliyinə, dövlət qurumlarının rəhbərlərinə, icra nümayəndələrinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə həyata keçirir.
QAZİLER.AZ