Jurnalist və texno-bloger Fərid Pərdəşünas öz feysbuk hesabında 3000 şəhidin məqaləsinin vikipediadan tamamilə silindiyini bildirib.
"Aralında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediaçılar tərəfindən təmamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər", - jurnalist yazıb.
Qaziler.az məsələ ilə bağlı vikipedia işindən məlumatlı olan Qarabağ qazisi Rey Kərimoğlunun münasibətini öyrənib.
"Mən Fərid Pərdəşünası uzun müddətdir tanıyıram. O, müasir internet, kompyuter texnologiyaları üzrə peşəkar insandır. Fəridin statusunu oxuyub narahat oldum. Biz Qarabağ qaziləri bundan çox əndişəliyik. Bu halın baş verməsinə təəssüf edirik. Mən özüm də vikipediya kursunu aldığıma görə bu məsələdə məlumatlıyam. 3000 şəhidin məqaləsinin silinməsini onların ensiklopedik şəxs olmadıqları ilə izah edirlər. Bu, saxtakar yanaşmadır. Çünki vikipedik şəxs anlayışı var. Bu vikipediyanın yaradıcıları tərəfindən formalaşdırılıb. Dövlət mükafatı, medal, orden alan şəxslər də vikipedik şəxs sayılır.
Hətta bir müddət əvvəl orden, medal almayan jurnalistlərimiz, tanınmış adamlarımız var idi ki, vikipediya onları vikipedik şəxs deyilsən deyə silirdi Niyə? Deyirdilər ki, onun adı, titulu, təltifi yoxdur. İndi necə olur ki, dövlət tərəfindən medalla, ordenlə təltif edilən insanlarımızı vikipediya silir? Yəni burada da ikiüzlü yanaşma görürük", - deyə Qarabağ qazisi bildirib.
Bundan təəssüfləndiyini deyən R.Kərimoğlu bu işlə ilə məşğul olan Azərbaycan vikipediya heyətinin bu məsələyə müdaxilə edərək onu həll edəcəklərinə ümid etdiyini söylədi.
"Mən Fərid bəyin statusundan bu işdə azərbaycanlıların əli olduğunu oxudum. Açığı, heç vaxt inanmazdım ki, Azərbaycan vikipediya heyətində kimsə belə bir hərəkət edə. Ancaq onlar bu işin içindədilərsə onlara yazıqlar olsun. Nə etmək lazım olduğunu bilmirəm. Dövlət orqanlarından, ictimaiyyətdən xahiş edirik: bilənlər müdaxilə etsin! Bu məsələ həll olunmalıdır. Şəhidlər bizim baş tacımızdır, dəyərimizdir deyirik. Onlara qarşı belə münasibət kimin etdiyindən asılı olmayaraq yolverilməzdir. Bu işdə azərbaycanlıların əli varsa onlar tapılıb adları cəmiyyətə elan olunmalıdır. O adamlar konkret olaraq yaramaz, ləyaqətsiz və xaindirlər. Ağlıma gələn odur ki, belələri elə erməni kimi bir şeydir". Qarabağ qazisi qəzəbini belə ifadə etdi.
QAZİLER.AZ