Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medallar təqdim olunub.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən dövlət qulluğunda səmərəli fəaliyyət göstərən, həmçinin sosial islahatlar prosesində səyləri və işgüzarlığı ilə seçilərək töhfəsini verən əməkdaşların əməyinin daim yüksək qiymətləndirildiyini vurğulayıb.
O, Nazirliyin daha 10 əməkdaşının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini diqqətə çatdırıb.
S.Babayev təltif edilmiş Nazirlik əməkdaşları adından dövlətimizin başçısına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Təltif olunmuş əməkdaşları bu münasibətlə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Nazirlik sistemində çalışan dövlət qulluqçuları barədə də məlumat verilib. 2018-ci ildən Nazirliyin 117 əməkdaşının ölkə Prezidentinin Sərəncamları ilə dövlət təltiflərinə layiq görüldüyü qeyd edilib.
Sonra yeni təltif olunmuş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub. Təltif edilənlər onların fəaliyyətinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.