Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya son səfəri ilə bağlı şərhlər verilir.
Məsələ ilə bağlı Qarabağ qazisi Rey Kərimoğlunun münasibətini öyrəndik.
Prezident İlham Əliyev böyük diplomatik ustalıqla Azərbaycanı qlobal siyasətdə vacib aktora çevirdiyini vurğulayan Qarabağ qazisi bunları bildirirdi:
"Prezident 44 günlük müharibənin müzəffər Ali Baş Komandanı olaraq ölkənin inkişafı, rifahı naminə beynəlxalq əlaqələrin möhkəmlənməsi istiqamətində fəaliyyətini davam etdirir. Onlardan da biri İtaliya səfəridir.
Hər kəs Prezident İlham Əliyevin İtaliyaya son səfəri zamanı beynəlxalq aləmdə ölkəmizə, xüsusilə dövlət başçımıza necə böyük dəyər verildiyinin növbəti dəfə şahidi oldu.
Bildiyimiz kimi, Azərbaycan bütün dünya ölkələri, qütblərlə əlaqələrini inkişaf etdirir. Bundan əvvəl Britaniya, Almaniya və digər Avropa ölkələrinə səfərlərdə olduğu kimi, İtaliya səfərində də Azərbaycan Prezidenti yüksək beynəlxalq nüfuza malik şəxs kimi qarşılandı. Mərkəzi Asiya, Yaxın Şərq ölkələrinə olan səfərlər də göstərir ki, hər yerdə Azərbaycanın getdikcə artan rolu qəbul olunur.
Bir sözlə, Prezident İlham Əliyevin dövlət başçısı kimi yüksək diplomatik istedadı sayəsində Azərbaycanın müasir tarixinin yeni və şərəfli dövrü yazılır. İkinci Qarabağ müharibəsində hərbi-diplomatik və informasiya məkanında qazanılan uğurlar bu şərəfli dövrün ən parlaq səhifəsidir".
QAZİLER.AZ