ABŞ-ın SİNAY Məbədinin nümayəndələri Azərbaycana gəlib

ABŞ-ın SİNAY Məbədinin nümayəndələri Azərbaycana gəlib backend

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil edilən layihələrdən biri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən həyata keçirilən “Azərbaycan multikulturalizminə səyahət” layihəsidir.


Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sözügedən layihə sayəsində müxtəlif xalqların, fərqli dinlərin nümayəndələri Azərbaycan multikulturalizmi fenomeni ilə əyani tanış olmaq imkanı əldə edirlər. “Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində bu dəfə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyətinin oktyabrın 30-dan noyabrın 4-dək səfəri planlaşdırılır.
2015-ci ilin fevralında ABŞ-a səfər zamanı Sinay Məbədinin rəhbərliyi Azərbaycanın dağ yəhudiləri icmasına Sefer Tora (Tövrat nüsxəsi) bağışlayıb. Bu səfər zamanı Tövratın təqdimatı da olacaq.
Qeyd edək ki, “Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində reallaşacaq səfərin çox zəngin proqramı var. Sinay məbədinin çoxsaylı nümayəndə heyəti oktyabrın 30-da və 31-də Dağ Yəhudiləri və Avropa Yəhudiləri sinaqoqlarında Bakıdakı yəhudi icması ilə birgə Şabat ibadətini həyata keçirəcəklər.
Oktyabrın 31-də Sinaqoqda Şabatın yekunlaşdırılması- Havdallah mərasimi olacaq.
Noyabrın 1-də səhər saatlarında Dağ Yəhudiləri Sinaqoqunda Tövratın təqdim olunması mərasimi keçiriləcək.
Noyabrın 2-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev ilə görüş keçiriləcək.
Bundan başqa, səfərin son günlərində nümayəndə heyətinin xarici işlər naziri Elmar Məmmədyarov, İsrailin Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Dan Stav, Amerikanın Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Robert Çekuta, Qafqaz Müsəlmanların İdarəsində, Dini qurumlarla İş üzrə Dövlət Komitəsində dini konfessiyaların, eləcə də Dünya Yəhudilərinə Humanitar Dəstək Təşkilatı və Yəhudi Agentliyinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.