İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın təmin olunması, prosedurların sadələşdirilməsi məqsədilə tətbiq edilən son yeniliklərdən biri texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron formada təqdim edilməsidir.
QAZÌLER.AZ Publika.az-a istinadla xəbər verir ki, Mülkiyyət hüququnu təsdiq edən sənədlə yanaşı, daşınmaz əmlaka dair texniki sənədlərin elektron qaydada verilməsi daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinə, əmlakın qeydiyyatının daha da sadələşdirilməsinə imkan verib. Artıq mülkiyyətçilər daşınmaz əmlaka dair texniki sənədlərini onlayn formada qeydiyyat və reyestr nömrələrini qeyd etməklə yoxlaya bilirlər.
Torpaq sahəsinin plan və ölçü sənədi, mənzil, fərdi yaşayış evi və digər daşınmaz əmlaklara dair texniki sənədlərin əslinə ”www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalında təqdim olunan “Daşınmaz əmlaka dair texniki sənədin (texniki pasport və ya torpaq sahəsinin planı və ölçüsü) yoxlanılması” elektron xidməti vasitəsilə baxış keçirmək olar.
Adıçəkilən xidmətə keçid zamanı açılan pəncərədə texniki sənədin qeydiyyat və reyestr nömrəsini daxil edərək axtarış etmək mümkündür. Bu xidmət istifadəçiyə daşınmaz əmlak haqqında dolğun və həqiqi məlumat almağa imkan verir. Belə ki, qeyd edilən nömrələr əsasında sistemdə aşkar olunan plan ölçü və ya texniki pasportun təsviri əks olunur. Burada hüquq sahibinin məlumatları, daşınmaz əmlaka dair məlumatları və texniki təsviri göstərilir.
Texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron müstəviyə keçilməsi ilə sənədin itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər, eləcə də sənədlərin saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halları tamamilə aradan qaldırılır, daşınmaz əmlak barədə etibarlı mənbədən məlumat almaq imkanı yaranır