Prezident Misirin yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident Misirin yeni səfirinin etimadnaməsini qəbul edib backend

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.


Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, səfir Suzanne Mohamed Gamil fəxri qarovul dəstəsinin qarşısından keçib.
Suzanne Mohamed Gamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələr arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin son vaxtlar daha fəal şəkildə həyata keçirilməsinin önəmini qeyd edərək bu təmasların əməkdaşlığın çox müsbət göstəricisi olduğunu deyib. Ölkələr arasında ikitərəfli əlaqələrə toxunan prezident bu əlaqələri irəli aparmaq üçün prioritetlərin dəqiq müəyyənləşdirilməsinin vacibliyini qeyd edib, iki ölkə arasında qarşılıqlı ticarətin səviyyəsinin artırılacağına ümidvar olduğunu bildirib. Azərbaycanın Misir ilə əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən dövlət başçısı enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün də yaxşı potensialın olduğunu qeyd edib. Ölkələrin yerləşdiyi regionlardakı vəziyyətə toxunan İlham Əliyev hazırda təhlükəsizliyin bütün dünyada gündəlikdə duran ən vacib məsələlərdən biri olduğunu vurğulayıb. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışan dövlət başçısı Azərbaycan ilə Misirin daim bir-birini dəstəkləməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirə ölkədəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Suzanne Mohamed Gamil Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlət başçısına çatdırıb. Ölkəyə səfir təyin olunmasından məmnunluğunu ifadə edən Suzanne Mohamed Gamil Azərbaycan ilə Misir arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu deyib, ölkəsini beynəlxalq təşkilatlarda daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Səfir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini vurğulayıb