Nazir at xəstəliklərindən danışdı

Nazir at xəstəliklərindən danışdı backend

Kənd təsərrüfatı naziri Heydər Əsədov Fransada səfərdə olub və “İqlim dəyişikləri şəraitində kənd təsərrüfatı" üzrə konfransda iştirak edib.

QAZİLƏR saytı Kənd Təsərrüfatı Nazirliyinin saytına istinadən xəbər verir ki, konfransda iqlim dəyişiklərinin mənfi təsirlərinin kənd təsərrüfatı sahəsi üçün yaratdığı təhdidlər və iqlim dəyişiklərinə kənd təsərrüfatı sahəsinin adaptasiya olunması məsələləri müzakirə olunub.

Bu kontekstdə iqlim dəyişiklərinin təsirlərinə adaptasiya məqsədilə müvafiq texnologiyaların kiçik təsərrüfatlar və ailə-kəndli təsərrüfatları tərəfindən istifadəsinin hökumətlər tərəfindən təşviq olunması, bu sahəyə investisiyaların artırılması məsələləri müzakirə edilib. Konfransda müxtəlif ölkələrin kənd təsərrüfatı nazirləri, BMT-nin Ərzaq Kənd Təsərrüfatının baş direktoru, vətəndaş cəmiyyəti nümayəndələri, fermer və digər nümayəndələr iştirak edib. Tədbirdə cıxış ədən Fransa prezidenti Fransua Oland yalnız birgə səylər nəticəsində iqlim dəyişikliklərinin mənfi təsirləri ilə mübarizə aparmağın mümkün olduğunu bildirib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın kənd təsərrüfatı, ərzaq və meşəçilik naziri Stefan Le Foll ilə görüşüb. Nazir həmkarını 2015-ci ilin noyabr ayında keçiriləcək Gəncə Şərab Festivalına dəvət edib.

Daha sonra nazir Heydər Əsədov Ümümdünya Heyvan Sağlamlığı Təşkilatının baş katibi Bernard Valla ilə görüşüb. Görüşdə təşkilatla ölkəmiz arasında əməkdaşlığın cari vəziyyəti, o cümlədən Azərbaycanda baytarlıq sahəsinin inkişafı strategiyasının hazırlanmasına yardım göstərmək məqsədilə ölkəmizə təşkilatın missiyasının göndərilməsi, Abşeron yarımadasının at xəstəliklərindən azad zona elan edilməsi üçün təşkilat tərəfindən mümkün müdaxilə sahələri, ölkəmizdə at yarışlarının keçirilməsi ilə bağlı təşkilatla birgə zəruri tədbirlərin görülməsi məsələləri və ümumilikdə heyvan xəstəliklərinə qarşı birgə mübarizə tədbirləri müzakirə olunub.
Diaspora