Pakistan mətbuatı Azərbaycanın köməyindən yazdı

Pakistan mətbuatı Azərbaycanın köməyindən yazdı backend

Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, əlil uşaqların təhsil aldığı İslamabad Əl-Farabi Mərkəzində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi, Azərbaycanın Pakistandakı Səfirliyi və Azərbaycan-Pakistan Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən tədbir Pakistan mediasında geniş işıqlandırılıb.

Lent.az-ın məlumatına görə, Pakistanın “PTV”, “ATV”, “Waqt Tv” telekanallarında, “Associated Press Pakistan”, “DNA News”, və “Sabahnews” xəbər agentliklərində, habelə ölkənin aparıcı - “The News”, “The Nation”, “Daily Times”, “Express Tribune”, “Pakistan Observer”, “The Frontier Post”, “Jang”, “Nawai Waqt” “Metrowatch”, “Express News” ‘Pakistan in the world”, “Daily Azkaar”, “Daily Ausaf”, “Sama”, “National Herald Tribune” və digər qəzetlərində Azərbaycan hökumətinin Pakistanın əlil uşaqlarına təmənnasız yardımı haqqında məlumatlar dərc olunub. Pakistan televiziya kanallarında nümayiş olunan sujetlərdə və mətbuatda dərc olunan məlumatlarda Pakistanın Paytaxt İdarəçiliyi və İnkişafı üzrə Naziri, Pakistan Milli Məclisinin üzvü Usman İbrahim, Pakistanın Sosial Rifah və Xüsusi təhsil nazirliyinin Xüsusi təhsil idarəsinin rəisi xanım Naimə Büşra və Əl-Farabi Mərkəzinin direktoru Şabbir Navazın Azərbaycanın xüsusi təhsil və qayğıya ehtiyacı olan uşaqlara humanitar dəstəyinə görə Azərbaycan xalqına, dövlətinə və Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinə minnərdarlığı ifadə edilir.

Pakistan kütləvi informasiya vasitələrinin məlumatlarında tədbirin ali qonağı Pakistanın Paytaxt İdarəçiliyi və İnkişaf üzrə naziri Usman İbrahimin “Azərbaycanın bu dostluq jesti Azərbaycan və Pakistan dövlətləri arasındakı səmimi münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq. Azərbaycanın bu hədiyyəsi ömür boyu bu uşaqlarda Azərbaycan xalqına qarşı məhəbbətin xatirəsi kimi qalacaq”-ideyalarına yer verilir. Eləcə də Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin yardım layihələri barədə bilgi verməsi, bu istiqamətdə Pakistanla bir sıra proyektlər üzrə əməkdaşlıq etməsinə dair nitqi, “Pakistanın uşaqları bizə öz uşaqlarımız qədər əzizdir” sözləri xəbərlərdə öz əksini tapıb.

Tədbirin yekununda səfirin, Azərbaycan Respublikası Beynəlxalq İnkişafa yardım Agentliyinin adından əlil arabalarını və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazimatları Əl-Farabi mərkəzinə təqdim etdiyi diqqətə çatdırılır.