Bu gündən paytaxtın alış-veriş cəhətdən işlək olan ərazisində - "20 Yanvar" metrostansiyasının keçidində fəaliyyət göstərən mağazalar bağlanıb.
"Report" xəbər verir ki, hazırda keçiddə heç bir mağaza fəaliyyət göstərmir.
Məsələ ilə bağlı ərazidə olan mağaza sahibləri danışmaq istəmədilər. Onlar yalnız mağazaların bağlanılması barədə məlumat aldıqlarını deyiblər.
Rəsmi strukturlar "Report"un müvafiq sorğusuna cavablarında bu məsələyə aidiyyəti olmadıqlarını deyiblər.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu sahənin onlara aidiyyəti yoxdur:
"Səhər stansiya rəisinə məlumat verilib ki, mağazalar açıq deyil. Amma heç kim bunun səbəbini bilmir".
Bakı Şəhər İcra Hakimiyyəti və tabeliyində fəaliyyət göstərən Ticarət və Xidmət Departamenti də bunun onlara aidiyyəti olmadığını bildirib.