"Hesab edirəm ki, Azərbaycan qeyri-hökumət təşkilatları beynəlxalq insan haqları təşkilatları ilə sıx işləyərək erməni vandalizmini ifşa etməlidir".
Qaziler.az bildirir ki, bunu "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev deyib.
30 avqust Beynəlxalq İtkinlər Günü ilə bağlı danışan birlik sədri bunları qeyd edib: "BMT Baş Məclisinin 21 dekabr 2010- cu ildə qəbul etdiyi qərara əsasən hər il 30 avqust Beynəlxalq İtkinlər Günü olaraq qeyd edilir. Bu günün qeyd edilməsinin əsas məqsədi hüquqları pozulmuş itkinlərin taleyi haqqında beynəlxalq ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmaq və itkin düşən şəxslərin insan və vətəndaş hüquqlarının pozulmasına cavabdeh olan şəxslərin və qurumların cəzalandırılması üçün təşəbbüslə çıxış etməkdən ibarətdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub".
İkinci Qarabağ müharibəsində itkin düşmüş 6 Azərbaycan hərbçisinin axtarışının hələ də davam etdirildiyini xatırladan A.Əliyev bildirib ki, Ermənistan münaqişənin bütün dövrü ərzində əsir, itkin və girovlar barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb.
"Erməni vandalları digər sahələrdə olduğu kimi əsir və girovlar haqqında beynəlxalq konvensiyaların tələblərini pozaraq onlarla rəftarda bəşəri cinayətlər törətmişlər. Hesab edirəm ki, Azərbaycan qeyri-hökumət təşkilatları beynəlxalq insan haqları təşkilatları ilə sıx işləyərək erməni vandalizmini ifşa etməlidir", - deyə birlik sədri vurğulayıb.
QAZİLER.AZ