Kiçik və orta biznesin işğaldan azad olunmuş ərazilərdə inkişaf strategiyası

Kiçik və orta biznesin işğaldan azad olunmuş ərazilərdə inkişaf strategiyası backend

Münaqişələrdən sonrakı dövrdə ölkələr iqtisadiyyatın bərpası istiqamətində müxtəlif problemlər yaşayırlar. Dəyən ziyanın, iqtisadiyyatın bərpasnda ciddi çətinliklər yaranır.

Bu səbəbdən, kiçik və orta biznes post-münaqişə zonalarında iqtisadiyyatın bərpasında və turizmin inkişafı prosesində olduqca mühüm rol oynayır. Məhsullar istehsal edilir, yeni iş yerləri və xidmətlər yaradılır.

Müharibədən sonrakı dövrdə ölkələr post-konflikt zonaların bərpası prosesində bir çox aspektlərdə fərqlənir. Çünki hər bir ölkə yerli xüsusiyyətlər, iqtisadiyyat və cəmiyyət baxımından da, fərqlidir. Özəl sektorun ən aparıcı subyekti kimi kiçik və orta biznes iqtisadiyyatın bərpasında həlledici rol oynayır. İş yerlərinin yaradılması, iqtisadi fəaliyyət növlərinin stimullaşdırılması və s. Kiçik və orta biznesin səmərəli fəaliyyəti əhəmiyyətli dərəcədə əlverişli biznes mühitindən asılıdır. Belə ki, post-konflikt zonalar zəif infrastrukturla, maliyyə bazarına və beynəlxalq bazara çıxışla bağlı əlavə problemlər yaşayır.

Hökumət ardıcıl olaraq ölkənin bərpasına, infrastrukturun tikintisinə və iş yerlərinin yaradılmasına öz töhfəsini verməsinə baxmayaraq, özəl sektorla tərəfdaşlıq münasibətləri zəruri məsələdir. Bu əməkdaşlıq yerli sakinlərin yaşayış şəraitini yaxşılaşdırmaqla yanaşı, bölgənin bərpa prosesini sürətləndirir..Müharibədən sonrakı kontekstdə kiçik və orta biznesin dövlətlə əməkdaşlıq istiqamətləri unikal yanaşmalar tələb edir. Kiçik və orta biznesin effektiv fəaliyyəti üçün əlverişli biznes mühiti və dövlətlə özəl sektor arasında sağlam münasibətlər vacibdir. Hökumət kiçik və orta biznesin problemlərinə diqqət yetirməli və qarşılaşdıqları problemləri həll etməyə kömək etməlidir. Öz növbəsində kiçik və orta biznesin hökumətin istəklərini dinləməlidir, töhfələrini verməlidirlər. Dövlət ilə özəl sektor arasında əməkdaşlıq vasitəsilə bir çox sahələrə investisiyalar cəlb edilə bilər. Dövlətlə özəl sektor arasında tərəfdaşlıq vasitəsilə infrastruktur layihələrinin həyata keçirilməsi özəl sektorun dirçəlməsinə, səmərəliliyin artırılmasına və dövlət büdcəsinə yükün azalmasına gətirib çıxarır.

Vacib məsələlərdən biri müharibə zamanı dağıdılmış su təchizatı və elektrik təchizatı sistemlərinin bərpasıdır. Su və elektrik enerjisinin mövcudluğu və əlçatanlığı ilə bağlı infrastruktur çətinlikləri post-konflikt zonalarda kiçik və orta biznesin inkişafına təsir göstərən ciddi problemlərdir

Digər mühüm komponent yüksək ixtisaslı insan kapitalının çatışmamazlığıdır. Sahibkarlar tərəfindən maliyyə vəsaitinin əldə edilməsi ilə bağlı çətinliklər post-konflikt ölkələrdə kiçik və orta biznes üçün reallıqdır. Belə ki, kiçik və orta biznes əsasən öz bizneslərini müstəqil şəkildə maliyyələşdirirlər, çünki kreditlərin alınması ilə bağlı ciddi problemlər var.

Ölkənin post-konflikt zonalarda üzləşdiyi müxtəlif problemlər infrastrukturun, xüsusilə də su təchizatının və elektrik təchizatının keyfiyyəti, insan kapitalının zəif inkişafı, iqtisadi problemləri, təhsil və səhiyyə sahəsində xidmətlərin olmamasını ehtiva edir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin sonrakı dövrdə inkişafı, institusional qərarlar, bərpa-tikinti və humanitar fəaliyyət də daxil olmaqla, investorların cəlb edilməsi, dövlət ilə özəl sektor arasında əməkdaşlıq, qaçqın düşmüş vətəndaşların geri qaytarılması və sosial inkişaf məqsədi ilə xüsusi dövlət proqramlarının həyata keçirilməlidir. 4-cü sənaye inqilabının prinsiplərinə uyğun olaraq, post-konflikt rayonları yerli xüsusiyyətlər, resurslar və perspektivlər nəzərə alınmaqla inkişaf etdirilməlidir.

Qarabağın inkişaf strategiyası yerli, regional, milli və beynəlxalq səviyyələrdə qısamüddətli, ortamüddətli və uzunmüddətli tədbirləri əhatə etməlidir. Post-konflikt dövründə quruculuq Azərbaycanda iqtisadi artıma kömək edəcəkdir. Azərbaycan regionda öz iqtisadi, siyasi və hərbi üstünlüyünü bundan sonra da daim möhkəmləndirəcəkdir. Post-konflikt ərazilərdə kiçik və orta biznesin prioritet inkişaf istiqamətləri Qarabağın inkişaf strategiyası aşağıdakı prioritetlər üzrə həyata keçirilə bilər. Qarabağın inkişaf strategiyasının həyata keçirilməsini təmin etmək üçün idarəetmə, monitorinq və qiymətləndirmə mexanizmi, həmçinin şəffaf və hesabatlı maliyyələşmə mexanizmi yaradılmalıdır. Azərbaycanda azad edilmiş ərazilərdə texnologiyalar sahəsinə investisiyaları vençur kapitalı vasitəsilə geniş cəlb etmək mümkündür..Kiçik və orta biznes səviyyəsində investisiyaların cəlb edilməsi gələcəkdə böyük həcmdə sərmayə qoyuluşuna səbəb ola bilər. İşğaldan azad olunmuş ərazilərdə dağ-mədən sənayesi, metallurgiya, qida sənayesi, emal sənayesi, turizm və istirahət, kreativ sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikinti materiallarının istehsalı sahələrini inkişaf etdirmək potensialı var. Bu sahələrə qoyulan investisiyalar həm qeyri-neft ixracının artması üçün vacibdir. Aqro və texno-parkları və digər investisiya təşviqi mexanizmləri də daxil olmaqla, bu sahələrə investisiyaların yatırılmasını təşviq etmək üçün müxtəlif mexanizmlər tətbiq oluna bilər.

Qarabağda sərmayədarların marağını cəlb edə biləcək resurslar və iqtisadi potensial var. Bu baxımdan Qarabağ Azərbaycanda yeni inkişaf mərkəzi olacaq. Münaqişələrə məruz qalan zonalarda biznes fəaliyyətini bərpa etdirərək müəssisələr investisiya vəsaiti gətirir, sərvət yaradır, iş yerlər yaradırlar və vergi ödəyirlər. Özəl sektor mütəxəssisləri cəlb edir, xaricdən kapital və avadanlıqlar gətirir, yolların, körpülərin, su təchizatı və elektrik təchizatı sistemlərinin bərpasını effektiv şəkildə təmin edir. Onlar həmçinin nəqliyyat vasitələri, logistika dəstəyi təmin edə bilərlər. Post konflikt zonaların bərpası çoxsahəli prosesdir və ilk növbədə sosial-siyasi sabitlik lazımdır. Buna yalnız davamlı iqtisadi artım hesabına nail olmaq mümkündür.

Özəl sektor inkişafın əsas mühərriki hesab olunur. Bu iqtisadiyyatı əsaslı bir şəkildə yenidən başlatmağa, iş yerlərinin yaradılmasına və davamlı iqtisadi artımın təmin edilməsinə kömək etmək üçün son dərəcə vacibdir. Biznes üçün potensial imkanlar müəyyən edilməli və əlverişli mühit yaradılmalıdır.

Özəl sektor yalnız o halda öz rolunu oynaya bilər ki, həm daxili, həm də xarici investisiyalar üçün əlverişli şərait yaradılsın. Güclü özəl sektor ümumi iqtisadi inkişafda və bərpa prosesində mühüm rolu vardır. Xarici investorlar, yerli biznes icmaları biznes liderlərinin yeni bir sinfini formalaşdırırlar.

Özəl sektorun töhfəsi post-münaqişə zonalarının bərpası üzrə səylərinin ayrılmaz hissəsi olmalıdır. Bu töhfə sadəcə humanitar səylərdə iştirakdan daha böyük olmalıdır. İşgüzar fəallığın və sahibkarlığın canlanması nəticəsində normal iqtisadi fəaliyyət bərpa oluna bilər. Bu həm daxili, həm də xarici investisiyaları stimullaşdırar ki, bu da yüksək həyat səviyyəsinin yaranmasına gətirib çıxarar. Bütün bunların müsbət nəticəsi iş yerləri yaratmaq, yerli hakimiyyət orqanları üçün vergilər və əlbəttə ki, ictimai xidmətləridir. Bu, həlledici əhəmiyyətə malikdir və möhkəm əsasda iqtisadiyyatın bərpasına və davamlı iqtisadi artımın təmin edilməsi məqsədi ilə iş yerlərinin yaradılmasına yönəldilməlidir. Münaqişənin əhatə etdiyi zonalara sərmayə qoymaqla biznes daha yüksək sabitlik təmin edir. Müxtəlif qruplara yaxşı yaşamaq üçün iqtisadi vəsait əldə etmək imkanı verir. Bu, hökumətin vahid, eləcə də strukturlaşdırılmış məşğulluq çərçivəsində sosializasiya ilə təmin olunan inklüziv cəmiyyətin yaradılması istiqamətində səylərini asanlaşdırır.

Özəl müəssisələrin yaradılması və inkişafı üçün əlverişli şərait lazımdır. Buna investisiyaların cəlb edilməsi, məcburi köçkünlərin peşə hazırlığı, kənd təsərrüfatı istehsalının dirçəldilməsi və münaqişədən sonra ticarətin bərpası hesabına nail olmaq olar. Post-konflikt ərazilərdə fiziki infrastruktur çox pis vəziyyətdədir. Özəl sektor ən yeni kommunikasiya texnologiyalarının, infrastrukturun bərpasında mühüm rol oynaya bilər.

İxtisaslaşdırılmış xarici şirkətlər, ümumiyyətlə, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və ya Asiya İnkişaf Bankı kimi regional inkişaf bankları kimi çoxtərəfli təşkilatlarla infrastrukturun bərpası ilə bağlı böyük müqavilələr bağlaya bilərlər. Yerli özəl firmalar bu səylərdə iştirak etməlidirlər. Bundan əlavə, bərpa proqramının tam həyata keçirilməsi iqtisadiyyatda yeni mal və xidmətlərə tələbat yarada bilər.

Özəl sektor ölkəni daha yaxşı tanıyan və evə dönməyə hazır olan xarici təlim keçmiş və təcrübəli vətəndaşları geri çəkə bilər. Bu, ölkənin kadr potensialının bərpa olunmasına gətirib çıxarardı. Bərpa prosesində iştirak edən çoxtərəfli və ikitərəfli əməkdaşlıqla özəl sektor iqtisadi potensialın artırılmasına daha çox töhfə verə bilər. Bu baxımdan 1999-cu ildə Birləşmiş Krallığın ticarət və Sənaye Nazirliyi tərəfindən yaradılmış Kosovoda Thompson hədəf qrupu yaxşı nümunədir. O, Avropa İttifaqı və Birləşmiş Krallıq hökuməti tərəfindən maliyyələşdirilən bir qrupdur. Hədəf qrupu regionda işləmək istəyən bütün korporasiyalardan texniki hazırlığın və texniki idarəetmənin ötürülməsinin təmin edilməsinə sadiqliyini nümayiş etdirməyi tələb edib. Müharibə aparılan zonalarda texniki bacarıqların və biznesin idarə edilməsinin çatışmazlığını aradan qaldırmaq üçün hədəf qrupu Kosovada Beynəlxalq bacarıq və kadr hazırlığı mərkəzi yaratmışdır. Mərkəzin əsas fəaliyyət istiqamətləri bacarıq və idarəetmənin öyrədilməsi, maşın və enerji sektorunun texniki xidməti üzrə təlimatçıların hazırlanması, maliyyə menecmentinin əsasları və s. olmuşdur. Münaqişə zonalarında iqtisadi yüksəlişin təmin edilməsi və sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan ən mühüm uzunmüddətli islahatlar bilavasitə özəl sektorun fəaliyyət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu cür islahatlara yeni və ya təkmilləşdirilmiş investisiya qanunları, dəqiq mülkiyyət hüquqları, torpaq reyestrləri, biznes üçün əlverişli vergitutma, antikorrupsiya institutları və prosesləri, şəffaflıq və maliyyə vəsaitlərinə çıxış daxildir.

Təklif: 1.İşğaldan azad olunmuş zonalarda xüsusi iqtisadi islahatlar aparılmalıdır. İslahatlar zamanı yerli reallıqları nəzərə alınmalıdır. 2.Özəl sektorun inkişafı ilə bağlı islahatların ardıcıllığına əməl edilməlidir. Dövlət - özəl sektor əməkdaşlığı təmin edilməlidir. 3.Münaqişədən sonra ən yüksək prioritet kiçik və orta biznes üçün ekomühitin yaradılması olmalılır. İş yerlərinin yaradılması və gəlirlərin əldə edilməsi üçün sürətli iqtisadi artım təmin edilməlidir.4.Səhiyyə və təhsil kimi sosial xidmətlərin göstərilməsi üçün müəssisələr bərpa olunmalıdır. İş yerlərinin yaradılması və həyat səviyyəsinin yüksəldilməsi əsas prioritetdir.

Beləliklə, post konflikt zonalarda özəl sektorun inkişafı üçün yuxarıda göstərilən tədbirlərin həyata keçirilməsi bölgənin tezliklə bərpasını, qaçqınların öz torpaqlarına qayıtmasını və onların yüksək həyat səviyyəsini təmin edə bilər.
Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qarabağın quruculuğunda iştiraka təşviq” layihəsi çərçivəsində hazırlanmışdır. Məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər.

Qasım Həsənov
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri

conflict.az

Diaspora