Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qarabağ Qaziləri İctimai Birliyinin həyata keçirdiyi "Şəhid ailələrinə müharibə veteranlarına dəstək layihəsi çərçivəsində şəhid ailələri və qazilərlə yekun tədbir 24 avqust 2024 - cü ildə Qarabağ Qaziləri İctimai Birliyinin ofisində keçirildi.
QAZÌLER.AZ Herbiand.az-a istinaden xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə öz işinə başlayan tədbiri Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev açaraq layihə haqqında iştirakçılara ətraflı məlumat verdi. Bildirdi ki, yarandığı vaxtdan bu günə qədər şəhid ailələrinə və müharibə iştirakçılarına təmənnasız xidmət göstərən Qarabağ Qaziləri İctimai Birliyi son illər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə onlar üçün hüquqi yardım xidməti təşkil edir. Bu gün yekunlaşan layihəmiz də o qəbildəndir.
Növbəti çıxışçı Qarabağ qazisi və layihənin rəhbəri Taleh Əliyev qeyd etdi ki, 3 ay davam edən layihə çərçivəsində şəhid ailələrinə və müharibə iştirakçılarına onların ərizələri əsasında qaldırdığı problemin həlli istiqamətində hüquqi yardım xidməti göstərilib. Bu gün keçirilən yekun tədbirin məqsədi də görülən işlər barədə həm sizlərə, həm də ictimaiyyətə layihənin yekunları haqqında məlumat verməkdir.
Layihənin hüquqşünası Mobil Vəkiloğlu tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdı. Görüş iştirakçıları çıxış edərək şəhid ailələrini və müharibə iştirakçılarını daim diqqət mərkəzində saxladıqları üçün həm Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həm də Qarabağ Qaziləri İctimai Birliyinə öz təşəkkürlərini bildirdilər.
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev tədbirin yekununda bir daha bildirdi ki, layihə yekunlaşsa da, biz imkanlarımız daxilində şəhid ailələrinə və müharibə iştirakçılarına hüquqi yardım xidmətinin göstərilməsini davam etdirməyə çalışacağıq. İnanıram ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi növbəti illərdə də bizim bu istiqamətdə təqdim etdiyimiz layihələri dəstəkləməklə onlar da bu prosesə öz töhfələrini verməkdə davam edəcəklər.