“Enactus Azərbaycan” Milli Yarışı uğurla yekunlaşıb

“Enactus Azərbaycan” Milli Yarışı uğurla yekunlaşıb backend

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən “2024-cü il Enactus Azərbaycan Milli Yarışı” uğurla başa çatıb.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, Bakı Gənclər Mərkəzində baş tutan Milli Yarışın final günündə “Enactus” proqramının ölkə üzrə rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad Zeynalov açılış nitqi ilə çıxış edərək 2022, 2023 və 2024-cü illərdə görülən işlər, komandaların il boyunca hazırlıq prosesi və qarşıdan gələn “Enactus” Dünya Kuboku haqqında məlumat verib.

Sonra dövlətin ölkəmizdə həyata keçirilən gənclər siyasətində onların savadlı yetişməsinin əsas istiqamətlərdən biri olduğunu vurğulayaraq, təhsil sisteminin təkmilləşdirilməsi, müasir dövrün çağırışlarına cavab verməsi məqsədilə ölkəmizdə həyata keçirilən islahatların əhəmiyyətini qeyd edən qonaqlar - Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən, “Enactus Azərbaycan” İdarə heyətinin sədri Qədir Xəlilov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli “Enactus” kimi layihələrin tələbə gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıblar.

Daha sonra yarışın yarımfinal mərhələsində hakimlərin qiymətləndirilməsi nəticəsində 24 komanda arasında finala vəsiqə qazanan ali məktəblərin - Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Enactus” komandaları tədbir boyunca layihələrini təqdim edib, münsiflər heyətinin suallarını cavablandırıblar.

“Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvlərindən ibarət münsiflər heyətinin qərarı ilə qalib elan edilən Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə oktyabrın 2-də və 4-də Qazaxıstanın Astana şəhərində keçiriləcək “Enactus” Dünya Kubokunda ölkəmizi təmsil etmək hüququnu qazanıblar.

Qeyd edək ki, münsiflər heyətinin müvafiq qərarına əsasən Bakı Ali Neft Məktəbinin “Enactus” komandası 2-ci, Bakı Dövlət Universitetinin “Enactus” komandası isə 3-cü yerə layiq görülüb.

Tədbirin sonunda qalib komandalar mükafatlandırılıb.

Xatırladaq ki, “Enactus” gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə “Enactus” gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir. “Enactus” proqramı 1975-ci ildə ABŞ-da yaradılıb. Ölkəmizdə proqramı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təmsil edir.

 

Ətraflı

Diaspora