“Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə” sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyətin aradan qaldırılması təmin edilib.
QAZÌLER.AZ AZƏRTAC-a istinaden bildirir ki, xidmətin əməkdaşlarının və “Təmiz şəhər” ASC-nin işçilərinin köməyi ilə sahələrin tullantılardan təmizlənməsi təşkil olunub, toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb.
Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb.
Diqqətə çatdırılıb ki, ictimai yerlərə, yol kənarlarına, təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır.
“Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq”, - deyə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib.