Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib. QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb.Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanmış Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.
Kompleks dövlət başçısı tərəfindən işə salınıb.