Bu gün Qarabağ Regional DOST Mərkəzinin açılışından 1 il ötür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən xəbərə görə, 2023-cü il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdə şəhərində açılışı olan Qarabağ Regional DOST Mərkəzi Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd rayonları və Xankəndi şəhərinin sakinlərinə xidmət göstərir.
Mərkəzdə ötən dövrdə 68 mindən çox vətəndaşa 160 növ sosial xidmət “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilib. Bu xidmətlərdən vətəndaş məmnunluğu 99,6 faiz təşkil edib.
Qarabağ Regional DOST Mərkəzi gün ərzində təxminən 650-700 vətəndaş qəbul edə bilir. Bu prosesi 51 nəfərdən ibarət işçi heyəti və 27 nəfər könüllü həyata keçirir.
Mərkəz il ərzində 120 minə yaxın vətəndaşa xidmət göstərmək potensialına malikdir. Buraya məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət və sosial-pedaqoji xidmətlər daxildir.
Mərkəzin nəzdində 1 il əvvəl Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi də açılıb. 7 emalatxana, 8 sinif və təlimat otağı, eləcə də Peşəyönümü və Karyera Mərkəzi, inzibati və texniki otaqlardan ibarət olan həmin Mərkəzdə 20-dək əməkdaş çalışır. Burada 48 peşə istiqaməti üzrə tədrisin həyata keçirilməsi, bir dəfədə 300, ildə 1200 nəfərin peşə hazırlığı keçməsi üçün hər bir şərait yaradılıb. Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən “RehaPoint” – Reabilitasiya Məntəqəsində isə bölgə sakinlərinə reabilitasiya xidmətləri göstərilir.
Qarabağ Regional DOST Mərkəzinin açılması ilə DOST mərkəzlərinin sayı 7-yə çatıb. Həmçinin Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyət göstərir. Bu il iyulun 5-də isə Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin, o cümlədən həmin Mərkəzin tərkibində Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının da açılışı olub.
DOST infrastrukturunun genişləndirilməsi işləri davam edir. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri şəbəkəsinin qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. Nəticədə ümumilikdə 17 regional DOST Mərkəzi və 55 rayon filialı fəaliyyət göstərəcək və bütün ölkə DOST xidmətləri ilə əhatə olunacaq.