Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə həyata keçirir.
Bu barədə Qaziler.az-a AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, artıq Naftalan şəhərində işlər yekunlaşıb. O, bildirib ki, bir müddətdir layihənin işçi heyəti, ANAMA yanında ictimai şuranın üzvü, mina qurbanlarının ehtiyaclarının öyrənilməsi üzrə təcrübəli ekspert Nadir Cəfərov, mina qurbanı, AMZA-nın idarə heyətinin üzvü Ruhin Vəliyev, digər mina qurbanı AMZA idarə heyətinin üzvü Xəzər Babaşov regionda çalışırlar.
R.Kərimoğlu layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil etdiyini bildirərək deyib:
“Layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 10 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirəcəyik. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İNİSMA agentləri sorğular keçirəcəyik. Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək”.
R.Kərimoğlu Naftalanda bu işin icrası zamanı onlara yaxından köməklik göstərən şəhər rəhbərliyinə minnətdarlığını bildirib.