Erməni ifaçısı bu dəfə “Yarımgilə” mahnımızı mənimsədi - Agentlikdən açıqlama

Erməni ifaçısı bu dəfə “Yarımgilə” mahnımızı mənimsədi - Agentlikdən açıqlama backend

Musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən ifa edilməsi, "Facebook"da və "TikTok"da yayılması faktı araşdırılır.

Bu barədə Əqli Mükiyyət məlumat yayıb.

Bildirilib ki, C.Quliyev erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilməsi barədə Agentliyə ərizə ilə müraciət edib: "C.Quliyev quruma dəvət olunub və Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovla fakt müzakirə olunub. Agentliyin ekspertləri məsələ ilə bağlı Azərbaycan xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğu ilə bağlı bildiriblər ki, ümumiyyətlə, Azərbaycan bəstəkarlarının bəstələdiyi musiqi əsərləri - operaları, simfoniyaları, mahnıları muğamın segah, bayatı-şiraz, şur, çahargah və digər muğamlar əsasında yazılır. Mahnı şüştər muğamının əsasında yazılıb və erməni ifaçının səsləndirdiyi mahnı ilə tam üst-üstə düşür. Mahnı 1991-ci ildə bəstələnib və ilk dəfə 1993-cü ildə Azərbaycan Xalq artisti Brilliant Dadaşova və C.Quliyev tərəfindən duet şəklində Azərbaycan Televiziyasında yayımlanıb və "YouTube" səhifəsində mahnının studiya çəkilişləri də yerləşdirdilib. Mahnı C.Quliyevin ən məşhur bəstələrindən biridir. C.Quliyev 2004-cü ildən başlayaraq Agentlikdə (Agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) 41 musiqi əsərini qeydiyyatdan keçirib. Onlardan dördü böyük simfonik orkestr üçün yazılmış əsərdir. Mahnı 2006-cı il 27 iyul tarixində qeydiyyatdan keçirilmiş və ona əsərin qeydiyyatı haqqında 3089 nömrəli şəhadətnamə verilmişdir. Mahnı Gülay Zeynallı, Samirə Əfəndi, türk müğənnisi Ezgi Mertin və digər məşhur ifaçılar tərəfindən ifa edilib".

Qeyd olunub ki, mahnı erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən mənimsənilib, yəni C.Quliyevdən icazə almadan sözlərini dəyişərək ifa etmiş və bəstəkarın adını göstərməyib. Bununla da erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən C.Quliyevin şəxsi hüquqları və əmlak hüquqları pozulub:

"Mahnının sözləri (bayatılar) Azərbaycan xalqına məxsus olan folklor nümunəsidir. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna əsasən, digər dövlətlərin hüquqi və fiziki şəxsləri ölkədən kənarda folklor nümunələrindən kommersiya məqsədilə yalnız Agentliyin icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Bununla yanaşı, dərc olunmuş bütün əsərlərdə, folklor nümünələrinin kütləvi ifa və bildiriş hallarında onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir. Bu hal eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipinin və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır".

"C.Quliyev rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini bu sahədə fəaliyyət göstərən “Mikpro” MMC-yə verib. Məsələ ilə bağlı “Mikpro” MMC-nin rəhbərliyi ilə əlaqə saxlanılıb. MMC-dən erməni ifaçı Minas Ovanisyanın (Mino) ifasında olan mahnının bütün platformalardan silinməsi ilə bağlı bildirişlərin göndərildiyi qeyd edilib. Agentlik “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) - https://rays.az/ ilə birgə daha əvvəlki təcrübəni nəzərə almaqla C.Quliyevin pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı öz səlahiyyətləri çərçivəsində köməkliyini davam etdirəcək", - məlumatda vurğulanıb.

Diaspora