31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun nəşi Gəncə Şəhidlər xiyabanında dəfn edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsən rayon ictimaiyyəti adından şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib və Surxay Məmmədovun şərəfli həyatından, döyüş yolundan söz açıb.
Qeyd edilib ki, Daşkəsən rayonunda yaşayan şəhid ailələrinə və qazilərə göstərilən həssas münasibət və qayğı bundan sonra da daimi olaraq davam etdiriləcək.
Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağını rayonun icra başçısı şəhidin qardaşı Vüqar Məmmədova təqdim edib.
*****
11:06
Daşkəsəndə şəhid Surxay Məmmədovla vida mərasimi keçirilir.
"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Surxay Rza oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
Hazırda şəhidin yaxınlarının yaşadığı evin önündə onunla vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçilər, rəsmilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və çox sayda rayon sakini iştirak edir.
Vida mərasimindən sonra şəhid Gəncə Şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Surxay Məmmədov 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi ərazisində şəhid olub. O, naməlum şəhid kimi İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunmuşdu.