Akira Amari: Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sülhün təmini üçün vacibdir

Akira Amari: Dağlıq Qarabağ münaqişəsinin həlli regionda sülhün təmini üçün vacibdir backend

Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının nümayəndə heyəti oktyabrın 27-də Milli Məclisdə olub. AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin əhəmiyyətini vurğulayıb. O, bu səfərin də əməkdaşlığın inkişafına mühüm təkan verəcəyinə inandığını bildirib.

Milli Məclisin sədri indiyədək ölkələrimiz arasında 26 sənədin imzalandığını, daha 23 sənədin isə imzalanma ərəfəsində olduğunu söyləyib. Əlavə edib ki, bu, ölkələrimizin siyasi münasibətlərinin yüksək, hüquqi bazasının isə möhkəm olduğunu göstərir.

Sədr ticarət dövriyyəsinin də ildən-ilə artdığını deyib, qeyri-neft sektoru sahəsində geniş əməkdaşlıq üçün mövcud imkanlardan söhbət açıb.

Əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm əhəmiyyətini qeyd edən Oqtay Əsədov ölkələrimizin beynəlxalq qurumlardakı birgə səmərəli əməkdaşlığından danışıb. Yaponiyanın həmin qurumlarda Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının rəhbəri, iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə nazir, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amari ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyib. O, əməkdaşlığın genişləndirilməsi üçün daha səylə çalışacağını söyləyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan qonaq ölkəsinin bu məsələnin tezliklə həll ediləcəyinə ümidvar olduğunu qeyd edib. O bildirib ki, bu münaqişənin nizamlanması bütövlükdə regionda sülhün təmini üçün çox vacibdir.

X X X

Sonra nümayəndə heyəti Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi, o cümlədən qanun yaradıcılığı prosesi, sosial, humanitar məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Qrupun rəhbəri Abel Məhərrəmov Yaponiya şirkətlərinin ölkəmizdə uzun illər uğurla fəaliyyət göstərdiklərini, xüsusilə energetika sektoruna böyük sərmayələr yatırdıqlarını, Azərbaycanda bir çox mühüm layihələrin icrasında yaxından iştirak etdiklərini söyləyib. Söhbət zamanı humanitar sahədə həyata keçirilən layihələrin önəmindən də geniş bəhs edilib.