Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürən Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv olunub.
Baş verən hadisə ilə bağlı azxeber.com-a açıqlama verən Elton Məmmədov namizədliyinin ləğv olunmasından xəbərsiz olduğunu deyib:
"Namizədliyimin ləğv olunması haqda xəbəri sizdən eşidirəm. Mənim MSK-nın iclasından xəbərim yoxdur. Əgər iclasda mənim namizədliyim ləğv olunubsa, həmin iclasa namizəd niyə dəvət olunmayıb?"
Əmlak saxtakarlığına görə ləğv olunan namizədliyinə gəldikdə isə eks-deputat bunları deyib:
"Nə saxtakarlıq? Hansı saxtakarlıqdan söhbət gedir? Mənim heç nədən xəbərim yoxdur".
Qeyd edək ki, deputatlığa namizəd Elton Arzuman oğlu Məmmədov haqqında Mərkəzi Seçki Komissiyasına şikayət edilib. Şəxs haqqında bir qrup seçici tərəfindən daxil olan şikayəti araşdıran MSK üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib.