Prezident İlham Əliyev Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, prezident Monteneqronun baş naziri Milo Cukanoviçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident iki ölkə arasında əməkdaşlığın sərmayə qoyuluşu, enerji təhlükəsizliyi, biznes və digər sahələrdə inkişaf etdirilməsinin də mühüm əhəmiyyət daşıdığını deyib.
İkitərəfli münasibətlərin səviyyəsindən razılığını bildirən baş nazir Milo Cukanoviç son illər ərzində əməkdaşlığın uğurla inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.Görüşdə ölkələrimiz arasında enerji, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində əməkdaşlıq, nəqliyyat, infrastruktur, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.