Ağdaşın 126 yaşlı sakini “Ginnesin rekordlar kitabı”na düşə bilər

Ağdaşın 126 yaşlı sakini “Ginnesin rekordlar kitabı”na düşə bilər backend

Ağdaş rayonunda yaşayan 126 yaşlı Dadaşova Gözəl Alı qızı dünyanın ən uzunömürlü sakinlərindən biridir. O, 1889-cu ildə Şamaxıda anadan olub. Böyük Vətən müharibəsindən sonra ailəsi ilə birlikdə Ağdaşa köçüb.

Hazırda Gözəl nənənin 10 nəvəsi, 21 nəticəsi, 11 kötücəsi var.

Ağdaşın Orta Qəsil kəndində yaşayan Gözəl nənə XX əsrin əvvəllərində ermənilərin xalqımızın başına açdığı müsibətləri hələ də unutmayıb. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində Şamaxıda şahidi olduğu qanlı qırğından danışaraq deyib: “1918-ci ilin yazında erməni daşnakları günahsız insanları Şamaxıdakı Cümə məscidinə toplayıb diri-diri yandırdılar. Həmin vaxt məscidin imamı olan dayımı azan verdiyi yerdə öldürdülər. Onlar heç kəsə - qadına, qocaya, uşağa aman vermirdilər. İnsanlar baş götürüb hara gəldi qaçır, kəndlər boşalırdı. Ermənilər evləri dağıdır, yandırır, kəndləri xarabazara çevirirdilər”.

Bu müsibətlərdən danışan Gözəl nənənin gözləri dolur. Sanki həmin dəhşətli hadisələr kino lenti kimi gözünün önündən keçir. “Sağ olsun türk qardaşlarımız. Bu ağır günümüzdə imdadımıza yetişdilər. Türk ordusu Azərbaycan əsgərləri ilə birləşib daşnakları kəndlərimizdən qovdular” - deyə Gözəl nənə həmin günləri xatırlayır.

O, Böyük Vətən müharibəsi illərində insanların aclıq və xəstəliklərə düçar olmasından, 70 il kolxozda işləməsindən, min bir əziyyətlə ailəsini dolandırmasından da danışır. Deyir ki, gənclik illərində tüfənglə sərrast atəş açır, yaxşı at çapırdı. Uzun müddət yaylaq və qışlaqda mal-qara da saxlayıb.

Gözəl nənə uzunömürlülüyün səbəbini belə izah edir: “Fiziki iş insanı həmişə gümrah saxlayır. Əlbəttə ki, süfrəmdən ağartı, tərəvəz və balıq məhsulları heç vaxt əskik olmayıb. Ətdən isə çox vaxt uzaq durmuşam”.

Uzun illər dərzilik edən Gözəl nənə kəndin qızlarının cehizlik yorğan-döşəyini hazırlayıb, xalça toxuyub, paltar tikib. İndi görmə qabiliyyətində bir az problemi olsa da, yaddaşından şikayəti yoxdur. 2014-cü ilədək heç vaxt həkimə müraciət etməyib. Ancaq son bir ildə iki dəfə xəstələnib və hazırda müalicə olunur.

Ölkəmizdə indiyədək keçirilən seçkilərin hamısında iştirak etdiyini deyən Gözəl Dadaşova səhhəti ilə əlaqədar bu dəfə seçki məntəqəsinə gedə bilməyəcəyindən təəssüflənir, səyyar seçki qutusu vasitəsilə səs verəcəyini bildirir.

Onun yaxınlarını hazırda bir sual düşündürür: Dünyanın ən yaşlı insanları sırasında Gözəl nənənin adı niyə yoxdur? Ailə üzvləri əmindirlər ki, əgər 126 yaşlı Gözəl Dadaşovanın “Ginnesin rekordlar kitabı”na salınması üçün müraciət edilsə, onun planetimizin ən yaşlı sakinlərindən biri olması faktı təsdiqlənər.

Doğrudan da, Azərbaycan uzunömürlülər diyarıdır. Ölkəmizdə yaşı 100-dən yuxarı olan yüzlərlə insan yaşayır. Onlar barədə məlumatların dünya miqyasına çıxarılması haqqında düşünmək pis olmazdı.