Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən keçirilən reyd zamanı qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı qanun pozucularının Suriya vətəndaşı Al Hamdo Məhəmməd və İraq vətəndaşı Xəlil İbrahim Eesee Əl-Cavari olduğu müəyyən edilib. Onlardan 4 çöl göyərçini, 4 bildirçin, 2 ev göyərçini, qızılquş tutmaq üçün 4 ədəd cələ, 1 ədəd tor və quş saxlamaq üçün səbət aşkar olunaraq götürülüb.Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib. Qanunsuz ov alətləri müsadirə olunub. Qanun pozucuları “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 2000 manat olmaqla, ümumilikdə 4 min manat məbləğində cərimə edilib.
Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.