Yaponiya nümayəndə heyəti üçün təqdimatlar keçirilmişdir. İqtisadiyyat və Sənaye Nazirliynin Mətbuat Xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, oktyabrın 26-da İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarininin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd etmiş, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır. Hazırda Azərbaycan Yaponiya ilə neft-qaz, energetika, maliyyə sahələrində əməkdaşlıq edir.Ölkəmizin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə səmərəli əlaqələri vardır. Azərbaycanda Yaponiya investisiyalı 18 şirkət qeydiyyata alınmışdır. Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın qeyri-neft sahəsində genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulamışdır. Azərbaycan və Yaponiya kimya sənayesi, polad istehsalı, əczaçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əməkdaşlıq edə bilərlər. Bildirilmişdir ki, Azərbaycanın neft-kimya sahəsində geniş potensialı və təbii resursları var. Ölkəmizdə Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Artıq sənaye parkında 4 rezident qeydiyyatdan keçib və rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Nazir Şahin Mustafayev Sumqayıt Kimya Sənaye Parkında Yaponiya şirkətlərinin iştirakının və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir. Azərbaycanda dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığı, bu sahədə Yaponiyanın “Marubeni Corporation” şirkətinin məsləhət xidməti göstərdiyi bildirilmişdir. Qeyd edilmişdir ki, Yaponiya şirkətləri bu sahədə podratçı qismində iştirak edə, həmçinin investisiya yatıra bilərlər.
Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarini Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, ölkəmizə səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətli olacağını vurğulamışdır. Akira Amarini ölkələrimiz arasında iqtisadi əməkdaşlığın imkanlarına dair fikirlərini bölüşmüşdür.
Görüşdə kimya sənayesi, metallurgiya, əczaçılıq və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının təqdimatı keçirilmiş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.