Daşkənddə fəaliyyət göstərən ingilisdilli Beynəlxalq Məktəbdə BMT Günü ilə əlaqədar Xalqların Mədəniyyəti və Mətbəxi Festivalı keçirilib.
Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri iştirak ediblər. Onlar üçün ayrılmış otaqlarda hər ölkə öz mədəniyyətini təbliğ edən stend və sərgilər yaradıb.Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib.
Azərbaycan üçün ayrılmış otaqda dövlət bayrağımız, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafı, Viktor Andriyanov və Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından özbək və Azərbaycan dillərində nəşr olunan “Heydər Əliyev” kitabı, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilib. Qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz tamaşaçılarda maraq doğurub.
Festivalda Azərbaycanın turizm potensialını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin rəsmi açılışında Birləşmiş Millətlər Təşkilatı haqqında məlumat verilib, xalqlar arasında sülhün, sabitliyin və inkişafın əldə olunmasında BMT-nin rolu vurğulanıb.
Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif xalqları təmsil edən rəqs və musiqi qruplarının çıxışları da olub.
AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.