Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə Qaziler.az-a ƏƏSMN-dən məlumat verilib.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) və 7 DOST mərkəzi, 1 DOST filialı və 1 “Smart DOST” məntəqəsinin yaradıldığını vurğulayıb. O, ötən dövrdə bu mərkəzlərdə 2 milyon 800 mindən çox vətəndaşa xidmət göstərildiyini, xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,2 faiz təşkil etdiyini qeyd edib.
Sahil Babayev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində Azərbaycanda dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən, innovativ əsasda təqdim edildiyini vurğulayıb.
Bildirilib ki, Regional DOST infrastrukturunun qurulması ilə bütün ölkə əhalisi DOST xidmətləri ilə tam əhatə olunacaq. Hazırda respublikanın bir sıra bölgələrində DOST mərkəzlərinin açılması üçün hazırlıq işləri aparılır.
Azərbaycanın uğurlu sosial islahat nümunəsi olan DOST modelinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi və ötən dövrdə DOST Agentliyinin bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, hazırda bır sıra ölkələr DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərir və bu sahədə həmin ölkələrlə təcrübə mübadiləsi aparılır.
İclasda “Konsolidə edilmiş Maliyyə Hesabatları və Müstəqil Auditor Hesabatı” qəbul edilib, Agentliyin fəaliyyəti ilə bağlı 2024-cü il üzrə yarımillik hesabat təqdim olunub, bir sıra məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.