Özbəkistanın podrobno.uz, 1.news.uz və uchildiz.uz portalları “Qəbələ – Azərbaycanın qədim şəhəri və turizmin parlayan ulduzu” adlı məqalə yayıb. Məqalədə deyilir ki, 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ Böyük Qafqaz dağlarının cənub ətəyində Bakı şəhərindən 250 kilometr məsafədə yerləşir. Qafqaz Albaniyası antik şəhərinin xarabalıqları və əsas qapısı hesab edilən “Qala qapısı” abidə kimi qorunur və bu günümüzə qədər gəlib çatıb.
Bu ərazidə müxtəlif dövrlərin tarixi və mədəni abidələrinin olduğu bildirilir. Amili kəndində IV-VIII əsrlərə aid Alban kilsəsi, XIX əsrə aid məscid, Həzrə kəndində XV əsrə aid Şeyx Bədrəddin və Şeyx Mənsur məqbərələri, Bum kəndində XIX əsrə aid məscid və digər abidələr mövcuddur. Çuxur Qəbələ kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar sübut edir ki, e.ə. IV-III əsrlərdən e. XVIII əsrinə qədər Qəbələ Azərbaycanın inkişaf etmiş ticarət, sənətkarlıq mərkəzi və böyük şəhərlərindən biri olub. Sovet dövründə Qutqaşen adlanan Qəbələ tarixi və memarlıq abidələri ilə zəngindir. Rayonda qazıntılar zamanı teatr və müdafiə qülləsi də aşkar olunub.Bildirilir ki, regionun füsunkar təbiəti, mülayim iqlim şəraiti turizmin inkişafı üçün yeni perspektivlər açır, yay turizmi ilə yanaşı, qış turizminin inkişafı üçün də mühüm işlər görülür.
Azərbaycanın turizm diyarı olan Qəbələdə beşulduzlu otellərin, brend restoranların fəaliyyət göstərdiyini yazan müəllif burada qonaqların və turistlərin istirahəti üçün müasir standartlara uyğun şəraitin yaradıldığını vurğulayır.
Məqalədə Azərbaycanda açıq səma altında ən böyük park attraksionu olan “Gabaland” haqqında məlumat verilir. Bildirilir ki, Qəbələdə son illər qış turizminin inkişafı istiqamətində mühüm işlər görülüb, burada məşhur “Tufandağ” qış-yay turizm kompleksi fəaliyyət göstərir.
Bundan başqa, Qəbələnin Azərbaycanın musiqi şəhərinə çevrildiyi, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il bu şəhərdə Beynəlxalq Musiqi Festivalının keçirildiyi diqqətə çatdırılır.
Məqalənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ şəhəri ilə bağlı çıxışından sitat verilir: “Qəbələ Azərbaycanın mədəniyyət və turizm mərkəzinə çevrilmişdir”.