Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024 cü il kiçik qrant müsabiqəsinin qaliblərindən olan Azad Müəllimlər İctimai Birliyi həyata keçirdiyi “Azad torpaqlara qayıdış!” Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və qiymətləndirmə bacarıqlarının inkişafına xidmət edən maarifləndirmə tədbirləri adlı layihəyə yekun vurulub.
Qaziler.az herbiand.az-a istinadla bildirir ki, dəyirmi masa iştirakçılarını salamlayan İctimai Birliyin sədri və layihənin rəhbəri Pərvanə Talıbova çıxış edərək layihənin necə həyata keçirilməsi haqqında məlumat verib. Layihədə böyük fəallıqla iştirak etmiş Zəngilan rayon 4 nömrəli və Bakı şəhər 35 nömrəli məktəbin rəhbərliyinə və müəllim heyətinə təşəkkürünü bildirdi. Layihənin təhsilimiz üçün əhəmiyyətindən danışdı və müəllimlərin Sertifikasiya imtahanı ilə eyni vaxta düşməsini zərurətdən doğan uğurlu bir təsadüf adlandırıb.
Bakı şəhər 35 nömrəli məktəbin direktoru Rəna Naibova rəhbərlik etdiyi məktəbin layihə benefisiarlarından biri kimi seçildiyi üçün minnətdarlıq etdi və növbəti layihənin təhsil üçbucağının bir tərəfi olan valideynlərin məktəblə əməkdaşlığının möhkəmləndirilməsinə xidmət edəcək maarifləndirilmə tədbirlərinə həsr olunmasını təklif edib.
Layihənin sosioloqu Taleh Əliyev layihə boyunca aparılan ilkin və yekun sorğular, onların müqayisəsindən çıxarılan son nəticələr haqqında məlumat verib.
Müəllimlərin Sertifikasiyası imtahanından yüksək bal toplamış təlimçi Nüşabə Mehtiyeva təlimlərdəki iştirakçılıqdan və fəallıqdan razı qaldığını vurğulayıb.
Təlim iştirakçıları bu cür layihələrin onların pedaqoji fəaliyyətində böyük rol oynadığını qeyd edərək həm layihə rəhbərinə, həm də təlimçiyə minnətdarlıq dolu fikirlərini bildiriblər.
Ayrı-ayrı fənn müəllimləri müəllim peşəkarlığında qiymətləndirmənin rolunun hərtərəfli izahından, konstruktiv rəyvermənin düzgün aparılmasının əhəmiyyətinin aşılanmasından razı qaldıqlarını bildiriblər.
Sonda layihə rəhbəri layihənin davamı olaraq könüllülük əsasında Bakı şəhər 35 nömrəli tam orta məktəbin seçilmiş müəllimləri ilə Zəngilan rayonuna səfər etməyi və yeni təhsil ilinin baılanğıcında Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi ilə əməkdaşlıq qurmağı planlaşdırdıqlarını qeyd edib.
Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhər 35 nömrəli tam məktəbində və Zəngilan rayon 4 nömrəli tam məktəbində işğaldan azad olunmuş ərazilərdə təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən qiymətləndirmə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi və Bakı şəhərinin qabaqcıl məktəbləri ilə onların əməkdaşlığının qurulması və təhsil yeniliklərinin mübadiləsi mövzusunda 4 (dört) təlim və 2 (iki) dəyirmi masa keçirilmişdi.