Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb

Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb backend

Oktyabrın 25-də Moskvada SSRİ xalq artisti, əfsanəvi Azərbaycan ifaçısı və bəstəkarı Müslüm Maqomayevin anım günü qeyd olunub.


Dahi sənətkarın Rusiya paytaxtındakı abidəsi önündə keçirilən tədbirdə Müslüm Maqomayevin pərəstişkarları, dostları və yaxınları iştirak ediblər.

SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya çıxışında qeyd edib ki, insan üçün ən əziz adamını itirmək olduqca kədərlidir. Müslüm Maqomayev dünyasını dəyişdikdən sonra yalnız onun xatirələri ilə yaşadığını vurğulayan T.Sinyavskaya bir neçə gündən sonra Bakıya yola düşəcəyini, dahi sənətkarın məzarını ziyarət edəcəyini bildirib.

Rusiyanın xalq artisti Lev Leççenko, məşhur rejissor Yuli Qusman, tanınmış teleaparıcı Tatyana Vedeneyeva, bəstəkar İqor Krutoy, xalq artisti Lev Leşşenko və başqaları M.Maqomayev haqqında xatirələrini bölüşüblər.

Həmin gün Rusiyanın Birinci kanalının efirində “Müslüm Maqomayev. Birinci şəxsdən” sənədli filminin nümayişi olub. Filmin rejissoru Mehdi Məmmədov jurnalistlərə bildirib ki, “Birinci şəxsdən” silsiləsindən bir neçə məşhur şəxsiyyət haqqında çəkdiyi filmlər artıq tamaşaçılara məlumdur. Bu filmdə də M.Maqomayevin xatirələrindən, əl yazılarından, video görüntülərindən istifadə olunub və dahi sənətkar sanki bütün hadisələri özü tamaşaçılara danışır.

“Müslüm Maqomayev. Birinci şəxsdən” filmi sənədli monoloqdur. Filmdə təkcə musiqiçinin sənət yolu və həyatından deyil, eləcə də ötən yüzilliyin mədəni hadisələrindən söhbət açılır.