“Xocalıya ədalət!“ LONDONDA

“Xocalıya ədalət!“ LONDONDA backend

Londonda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirilib. Londonda təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə keçirilən və bir neçə saat davam edən aksiyada Britaniyanın müxtəlif universitetlərindən olan azərbaycanlı və xarici tələbələrlə yanaşı, Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər. Bu barədə AzərTAc xəbər yayıb.

Tədbir iştirakçıları Londonun mərkəzində yerləşən Trafalqar meydanından başlayaraq parlament binasının qarşısına qədər yürüş ediblər.

Aksiya iştirakçıları əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələrinin ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutub, faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar ediblər. "Xocalıya ədalət!", "Rədd olsun erməni terrorizmi!", "Biz ədalət tələb edirik", "Biz sülh istəyirik", "Sarkisyan terrorçudur", "Qarabağ bizimdir, bizim olacaq", “Sarkisyan! sən əsgərləri öldürürsən” şüarlarını səsləndiriblər. Tədbir iştirakçıları üzərində “Xocalıya ədalət”, “Erməni təcavüzünə son” yazılmış böyük ölçülü plakatlar ilə meydandan keçən insanların diqqətini aksiyaya yönəldiblər.

Aksiya çərçivəsində soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsi ilə bağlı broşürlər paylanılıb.

Aksiyanın gənc fəalları fikirlərini KİV nümayəndələri ilə bölüşüblər. Ənənəvi olaraq hər il Londonda və dünyanın müxtəlif yerlərində keçirilən aksiyaların əhəmiyyəti vurğulanıb. Azərbaycanlı tələbələr bildiriblər ki, dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan həmvətənlərimiz, xüsusən də gənclər ölkəmizə qarşı edilən bu ədalətsizliyi tezliklə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.

Aksiya Azərbaycanın Dövlət himninin oxunması ilə başa çatıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar təşkil olunur, bu dəhşətli faciə haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı təbliğat işləri aparılır.
Diaspora