Azərbaycan multikulturalizmi Venesiyada keçirilən tədbirdə diqqət mərkəzində olub

Azərbaycan multikulturalizmi Venesiyada keçirilən tədbirdə diqqət mərkəzində olub backend

Venesiya şəhərindəki Ka Foskari Universitetində “Multikulturalizmə dair Azərbaycan və İtaliya perspektivləri” mövzusunda keçirilən tədbirdə Azərbaycan multikulturalizmi diqqət mərkəzində olub.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Ka Foskari Universitetinin əməkdaşlığı çərçivəsində keçirilmiş tədbirdə ali təhsil ocağının professor-müəllim və tələbə heyəti, ölkəmizlə bağlı araşdırmalar aparan gənc italiyalı tədqiqatçılar, AMEA-nın təmsilçiləri və yerli KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbiri açan Ka Foskari Universitetinin birinci prorektoru Tiziana Lippiello təmsil etdiyi təhsil ocağında Azərbaycan dilinin və mədəniyyətinin tədrisini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, italiyalı alim və tədqiqatçılar Azərbaycan dili və mədəniyyətini araşdırmağa böyük maraq göstərirlər. Bu, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsindən xəbər verir.
Azərbaycanın multikultural dəyərlərin kök saldığı ölkə olduğunu deyən T.Lippiello vurğulayıb ki, belə tədbirlər vasitəsilə bu ölkənin mədəniyyətlərarası dialoqa verdiyi töhfə ilə yaxından tanış olmaq imkanı əldə edilir.
Konfransda çıxış edən səfirliyimizin əməkdaşı Samir Allahverdiyev müzakirə edilən mövzunun Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu bildirib. O deyib ki, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın Konstitusiyasına əsasən ölkədə dinindən asılı olmayaraq hər bir vətəndaş bərabər hüquqlara malikdir. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri harmoniya halında birgəyaşayış nümayiş etdirirlər.
Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrə toxunan diplomat ötən ay Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun İtaliyaya səfərini xatırladıb. Bildirib ki, M.Cabbarov səfəri çərçivəsində Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak edib və italiyalı həmkarı xanım Stefania Gianini ilə görüşüb. Bu səfər təhsil sahəsində əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açıb, ölkələrimizin universitetləri arasında sıx əlaqələrin qurulmasına töhfə verib.