MİLLİ QƏHRƏMANIMIZ YAD EDİLDİ

MİLLİ QƏHRƏMANIMIZ YAD EDİLDİ backend

Milli Qəhrəman Tahir Bağırov adına 59 saylı orta məktəbdə torpaqlarımız uğrunda döyüşərək şəhid olmuş Milli Qəhrəmanın ildönümünü anım tədbiri keçirilib. Vətənpərvər şeirlər söyləyən şagidrlər qəhrəmanın döyüş yolundan danışdılar. Tədbir Azərbaycan bayrağının gətirilməsi ilə və bayraq şeirinin ifası ilə başlayıb. “Bayraq mənliyimdir, bayraq kimliyim” deyən şagirdlər əllərində qərənfil şəhidlər və milli qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra 4-cü A sinfinin sinif rəhbəri Hökumə Qarayevanın böyük əziyyəti ilə ərsəyə gələn kompozisiya təqdim edildi. 4-a sinif şagirdləri - Məmmədli Məmməd, Orxan Səfərov, İsmayıl İsmayılov, Gözəl Qasımova, Aydan Adıgözəlova, Səidə Hüseynzadə, Ayşən Əhmədova və İmmi Sultanova xüsusilə fərqlənirdilər.

Azərbaycan himnini şövqlə oxuyan şagirdlər əllərini sinələrinə də qoymağı unutmamışdılar. Şagirdlər Vətənə aid bir-birindən maraqlı şeirlər söyləyiblər.

Daha sonra hərbi paltarlı “balaca əsgərlər” Tahir Əminağa oğlu Bağırovun döyüş yolundan söz açıblar.

Qəhrəmanlar unudulmur!

Tahir Əminağa oğlu Bağırov 1957-ci il iyulun 14-də Türkmənistanın Krasovodsk (Türkmənbaşı) şəhərində anadan olub. 1967-ci ildə ailəsi ilə birlikdə Şirvan şəhərinə köçüb. O, 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, Mİ-24 vertolyotunda atıcı kimi xidmətə başlayıb, Xocalı, Füzuli, Ağdərə, Laçın bölgələrində rəşadətlə vuruşub, sərrast atəşi ilə onlarla erməni yaraqlısını məhv edib.

1992-ci il oktyabrın 11-də Laçının Səfyan kəndi yaxınlığında gedən döyüşdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakıda 59 saylı məktəb onun adını daşıyır, məktəbdə büstü qoyulub, Əmircan qəsəbəsində küçələrdən birinə onun adı verilib.





Məktəbin direktoru Maisə Hacıyeva bildirib ki, Vətən uğrunda şəhid olanları yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur: “Biz bu məktəbdə hər il Tahir Bağırovun anım gününü qeyd edirik. Arzu edirəm ki, məktəblərdə yetişən şagirdlər də bu yolun yolçuları olsunlar. Vətəni qorumaq hər birimizn borcudur. Gələcəkdə də Vətənimizi Tahir Bağırovun açdığı cığırla gedib qoruyacağınıza əminəm”.


Daha sonra Milli Qəhrəmanın həyat yoldaşı Leyla Bağırova danışaraq Tahir Əminağa oğlu Bağırovun xatirəsinin belə formada anılmasından razılığını bildirib. O qeyd edib ki, bütün şəhidlərin belə anılmağa haqqı var. Məktəblərdə tez-tez belə tədbirlər keçirib vətən uğrunda şəhid olmuş insanlar haqda şagirdlərə məlumat verilməsinin vacibliyini bildirib.



Hərbi paltar geymiş balaca əsgərlər “Marş İrəli!” oxuyaraq tədbir iştirakçılarının ruhunu oxşayıblar.



Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Suraxanı rayon təşkilatının sədri Sevil İslamova danışaraq bildirib ki, bu məktəbdə Tahir Bağırovun simasında bütün milli qəhrəman və şəhidlər anılır. Amma onların hər birinin ayrı-ayrlılqda yad edilməsi, barələrində gələcək nəsilə məlumat verilməsi çox vacibdir.

QAZİLER.AZ