Bu gün imtahandır

Bu gün imtahandır backend

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.

TQDK-dan APA-ya verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılır. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

Qəbul imtahanı Bakı şəhərində 30, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir, Şəki və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 19521, Naxçıvanda 535, Gəncədə 1975, Mingəçevirdə 424, Şəkidə 355, Lənkəranda isə 420 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 161 imtahan rəhbəri, 1759 nəzarətçi-müəllim cəlb olunub.

Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb.

İmtahanda iştirak etmək üçün 23230 (ötən il 24 560) bakalavr ərizə təqdim edib. Onlardan 20 706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10 913 nəfəri oğlan, 12 317 nəfəri isə qızlardır. Bakalavrlardan 11620 nəfəri cari ilin məzunları, 11 610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 50 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1957-ci il təvəllüdlü, ən gənc isə 1996-ci il təvəllüdlüdür.
Diaspora