Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən quş qripi ilə bağlı növbəti monitorinqlərə start veriləcək. QAZİLER.AZ xəbər verir ki, DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, köçəri quşların payız miqrasiyası nəzərə alınaraq noyabrın 2-də keçiriləcək monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.
Qeyd edək ki, nəzarət tədbirləri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçiriləcək. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək bütün nümunələr (qan və patoloji materiallar) Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr noyabrın13-də ictimaiyyət üçün açıqlanacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti xəbərdarlıq edib ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Xidmətin məlumatına görə, hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.



