28-29 iyun tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə çərçivəsində təlim keçirilib.
Ednews xəbər verir ki, təlimdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyinin sədri Rey Kərimoğlu, “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin sədri Nadir Cəfərov, təlimçi Şahin Quliyev, təlimçi Vaqif Sadıqov və minadan zərərçəkənlər iştirak edib. Tərtər rayonundan dörd nəfər minazərərçəkən şəxslər isə zoom vasitəsilə təlimə qatılıbılar.
Təlimdən öncə Vətən şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Rey Kərimoğlu təlimi giriş nitqi ilə açıb və layihə haqqında danışıb:
“Biz layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 10 rayon və şəhərdə (Füzuli, Beyləqən, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirəcəyik. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İNİSMA agentləri sorğular keçiriləcək. Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Xüsusi ilə qeyd edim ki, biz layihənin icrası zamanı Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) müəyyənləşdirdiyi prioritetlər nəzərə alacağıq. Onu da vurğulayım ki, sonuncu dəfə bu iş bütün ölkə üzrə 2004-2005-ci illərdə ANAMA-nın rəhbərliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu və bir neçə digər tərəfdaş QHT tərəfindən həyata keçirilib. Amma bildiyiniz kimi, o vaxtdan 20 il keçib. Onlar arasında dünyasını dəyişənlər var, eyni zamanda ehtiyacları da dəyişib. Digər tərəfdən 2005-ci ildən üzü bəri 2016-cı ildə aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatları olub. Xeyli insan minadan zərər çəkib. Təkcə 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən sonra 363 nəfər minadan zərər çəkib”.
Sonra Nadir Cəfərov fikirlərini bildirib. O, əvvəlcə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin belə bir layihəyə başladığı üçün təqdir edib:
“QHT Agentliyinin də bu layihəyə dəstək verməsinə görə təşəkkür edirəm. Layihə ANAMA tərəfindən 2004-cü ildə 4 qeyri-hökumət təşkilatı başda BAMF olmaq şərtilə respublika üzrə qeydiyyat minadan zərər çəkənlərin ehtiyaclarının öyrənilməsi məqsədilə bütün respublika üzrə qeydiyyata başladı. O cümlədən bizim təşkilat 15 rayonda fəaliyyət göstərdi. İndi 20 il keçib və müəyyən məsələlər də dəyişikliklər olub. Layihəyə uğurlar arzu edirəm. Maksimum çalışıb layihənin həyata keçirilməsində dəstək verəcəyik”.
Təlim 2 günlük keçirilib. “Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi üzrə sorğu forması” və “Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat” adlı təlimlər həyata keçirilib. Təlimlə bağlı minadan zərərçəkənlərə maarifləndirici məlumatlar verilib.
Layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsidir.
Layihə çərçivəsində təlim görmüş şəxslər sorğular keçirəcək.
Qeyd edək ki, layihədə çalışanlar əsasən minadan zərərçəkənlərin özləridir.