Böyük Qayıdış üzrə Laçına növbəti köç prosesi həyata keçirilib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
Trend xəbər verir ki, Laçın şəhəri bu dəfə 21 ailəyə qucaq açıb və daha 65 laçınlının yurd həsrəti bitib.
Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Bununla da Laçın şəhərində 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin olunub.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.