“Google” texnologiya korporasiyası “Google Translate” onlayn tərcüməçisinə 110 yeni dil əlavə edəcək.
Trend xəbər verir ki, bu barədə məlumat şirkətin saytında dərc olunub.
“İstifadə etdiyimiz dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə edirik. Nəhəng PaLM 2 dil modelimizlə tariximizdəki ən böyük genişlənmə olan “Google Translate”ə 110 yeni dil əlavə edəcəyik. Əlavə olunacaq dillər arasında avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, çukça, tuvan, yakut, krım-tatar, tibet, portuqal (Avropa versiyası), şimali sami, breton və s. var”, - məlumatda qeyd olunub.
Qeyd edilir ki, ümumilikdə bu dillərdə 614 milyon insan və ya dünya əhalisinin 8%-i danışır.