Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar üçün Qəbələ və Şəki turu da təşkil edilib.
Bu barədə Qaziler.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, bundan əvvəl onlar İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və dənizkənarı bulvar, həmçinin Atəşgah məbədi, Yanardağ abidəsi və digər yerlərdə olublar.
Ukraynalı uşaqlar Bakı və bölgələrimizdə (Qəbələ, Şəki) bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələlərinə, psixo-sosial təlimlərə cəlb ediliblər. Həmçinin milli mətbəxlə tanış olublar və bu sahədə onlar üçün masterklaslar da keçirilib.
10 günlük sosial-psixoloji reabilitasiya proqramı həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.
Bundan əvvəlki 4 qrupla birlikdə ümumilikdə 150-dək ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.