Hacı İbrahim Nehrəmli: “Bankalar bizə pul vermir“

Hacı İbrahim Nehrəmli: “Bankalar bizə pul vermir“ backend

Azərbaycanlı biznesmen Hacı İbrahim Nehrəmli “Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə “Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) arasındakı narazılıqdan danışıb. O, ANS PRESS-ə açıqlamasında bildirib ki, özü bu işlə şəxsən məşğul olmasa da, vəkilləri tərəflərin razılığa gəldiyini deyib. "Mən vəkillərimlə əlaqə saxladım. Onlar mənə bildirdilər ki, artıq aramızdakı narazılıq həll edilib və biz razılığa gəlmişik, məsələni öz aramızda həll etmişik", - deyə azərbaycanlı biznesmen bildirib. "Birgə işlədiyimiz şirkətlərdir və aramızda belə narazılıqlar, anlaşılmazlıqlar ola bilər. Burda qeyri-adi heç nə yoxdur. "Holcim"lə aramızda 20-30 min manatlıq pul söhbəti var idi, o da həll edilib. Mətbuat belə məsələləri çox şişirdir", - deyən Hacı İbrahim Nehrəmli şirkətində işləyən işçilərin maaşının verilməsindən də danışıb.

O, maddi çətinliklərə bankların səbəb olduğunu deyib. "Əvvəllər banklara pul qoyub-götürə bilirdik. Amma indi banklar bizə pul vermir. Buna görə də işçilərin maaşlarının verilməsində çətinliklər yarandı. İndi öz daxili imkanlarımızla hər həftə işçilərin maaşlarından müəyyən qədər ödəyəcəyik. Beləliklə, 1 ay ərzində çox güman ki, həmin borcu da tam ödəyərik", - deyə biznesmen əlavə edib.

Bu gün "Holcim" (Azərbaycan) ASC-nin "Avesta Konserni" MMC-ni məhkəməyə verdiyi bildirilib. Biznesmen özü bu işlə şəxsən məşğul olmadığını, vəkillərinin məşğul olduğunu bildirib.

Bundan bir müddət əvvəl də Hacı İbrahim Nehrəmlinin Mənzil Tikinti Kooperativlərindən birini Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən məhkəməyə verilmişdi.

Buna səbəb isə Şirkətlə FHN-nin müvafiq qurumu arasında 32 min manatlıq bir mübahisə yaranması olmuşdu.