Allahşükür Paşazadə Başqırdıstan prezidenti ilə görüşdü

Allahşükür Paşazadə Başqırdıstan prezidenti ilə görüşdü backend

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Başqırdıstan Respublikasında səfərdədir. APA TV-nin xəbərinə görə, səfər Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri, Baş Müfti Talqat Tacuddinin dəvəti ilə baş tutub.

Səfərdə məqsəd Başqırdıstanın paytaxtı Ufa şəhərində 22-23 oktyabr tarixlərində keçirilən "XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri" mövzusunda VIII Beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir.

Konfransın gedişində MDB Dinlərarası Şurasının həmsədri Allahşükür Paşazadənin Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı – “Əl-İzzət - Şərəf, Şöhrət və Ləyaqət” ordeni ilə təltif olunduğu barədə fərman elan edilib. Orden Allahşükür Paşazadəyə “İslam dininə uzunmüddətli etibarlı xidmətinə, dünya miqyasında sülh və həmrəyliyin ardıcıl müdafiəsi işində uğurlarına, dünya xalqları, Rusiya və Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə layiqli töhfəsinə, millətlərarası və dinlərarası dialoq işinə hərtərəfli dəstəyinə, insanların dünyanın taleyinə görə Yaradan, Vətən, gələcək nəsillər qarşısında məsuliyyət daşıdıqları hissini aşıladığına görə” təqdim edilib.

Ordeni və xüsusi hədiyyəni QMİ sədrinə Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş Müfti Talqat Tacuddin təqdim edib. Şeyxülislam tədbirdə məruzə ilə çıxış edib.

Səfər çərçivəsində Allahşükür Paşazadə Başqırdıstan Respublikasının rəhbəri Rüstəm Həmitov ilə görüşüb. R.Həmitov dini maarifləndirmə, gənclərin ənənəvi dəyərlər işığında tərbiyələndirilməsi kimi böyük elm və səbr tələb edən sahədə dini liderlərin rolunu yüksək dəyərləndirib. Azərbaycanla Başqırdıstan arasında iqtisadi və mədəni-mənəvi sahələrdə əlaqələrin səviyyəsindən razı olduğunu deyən R.Həmitov ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu söyləyib.

Ufa torpağına böyük məmnuniyyətlə gəldiyini deyən QMİ sədri R.Həmitovu Azərbaycanda məmnuniyyətlə gözləyəcəklərini diqqətə çatdırıb.

Görüşün sonunda şeyxülislam R.Həmitova Qurani-Kərim və Bakını vəsf edən tablo hədiyyə edib. Başqırdıstan rəhbəri də öz növbəsində xüsusi xatirə hədiyyəsini QMİ sədrinə təqdim edib.