Zəngilanda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda toplantı başa çatıb - VİDEO

Zəngilanda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda toplantı başa çatıb - VİDEO backend

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda işə başlayan “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı bu gün başa çatıb.

Trend xəbər verir ki, toplantının sonuncu günündə Zəngilanda iki panel iclası təşkil olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzusuna həsr olunan birinci panel iclasında çıxış edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, toplantının əvvəlki sessiyaları zamanı iqlim dəyişikliyinin müxtəlif aspektləri və davamlı gələcək üçün bu qlobal problemin həlli yolları ilə bağlı geniş müzakirələr aparılıb. “Bu qlobal problemin həllində Azərbaycanın təcrübəsinə nəzər salaraq, bu gün Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı inkişafı istiqamətində davam edən səyləri müzakirə etmək üçün toplaşdığımız tarixi bir məqamdır. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləməsindəki nailiyyətlərini də vurğulamaq vacibdir”, - deyən xüsusi nümayəndə əlavə edib ki, bu gün biz sürətli dəyişikliklər dövründə yaşayırıq. Bütün dünyada texnologiyanın inkişafı həyat standartlarını yaxşılaşdırsa da, bəşəriyyət iqlim dəyişikliyi, sosial bərabərsizlik, ekoloji ədalətsizlik və başqaları kimi ciddi qlobal problemlərlə üzləşir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu çağırışların həllinə və davamlı inkişafa yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə sadiq qalır. Ərazilərimizin işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinə yönəlmiş 2030-cu ilə qədər Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri və “Böyük Qayıdış Dövlət Proqramı” da daxil olmaqla hərtərəfli strategiyalar müəyyən edib. Bu gün Şərqi Zəngəzur və Qarabağda davamlı tikinti təşəbbüsləri var, layihələr bu regionun müxtəlif ərazilərinə yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov diqqətə çatdırıb ki, innovativ resursların idarə edilməsi dayanıqlı yaşıl iqtisadiyyata keçidimiz üçün təməl yaradıb. Azərbaycan iqlim dəyişikliklərinə xüsusi həssaslıqla yanaşır. “Su ehtiyatlarının azalması aqrar sektorun zəifliyini göstərir. Biz istixana qazı emissiyalarını azaltmağı hədəfləyirik”, - deyə o əlavə edib.

Maltanın sabiq Baş naziri Cozef Muskat çıxışında söyləyib ki, regionda tamamilə böyüməyə can atan, transformasiya edən iqtisadiyyat daha çox bərpaolunan mənbələrə əsaslanır. Biz bərpaolunan enerji mənbələrindən əldə edilən enerjini ixrac etməyə başlayırıq. İnanıram ki, bu gün burada eşitdiyimiz fikirlərin hamısı Azərbaycan tərəfindən uğurla həyata keçəcək.

O bildirib ki, bu gün burada müzakirə edilən məsələlər həqiqətən də iqlim dəyişikliyi ilə mübarizədə müsbət təsirini göstərəcək. Sadəcə olaraq, biz lazımi dəyişikliklərə keçərkən dünya miqyasında ən həssas təbəqələrin də nəzərə alınacağından əmin olmalıyıq.

X X X

Sonra “Siyasət: Lobbiçilər, Gənclər, qadın qrupları, fəallar və ictimaiyyətin iştirakı" mövzusunda panel iclas təşkil olunub.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilən paneldə çıxış edən COP29-un gənclər iqlim çempionu Leyla Həsənova deyib: "Mən iqlim dəyişikliyi ilə mübarizədə yeni təməlimizin nə olduğunu düşünürdüm və başa düşdüm ki, o, əslində gənclər və uşaqlar da daxil olmaqla, hər masanı, hər səviyyəni əhatə edir. Bu, yeni normadır. İqlim dəyişikliyinin nəticələrinin ağır yükünü ən uzun müddət daşıyacaq olanlar gənclərdir. Bu gün atdığımız addımlar və verdiyimiz qərarlar uşaqlara, gənclərə və gələcək nəsillərə birbaşa təsir edəcək".

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir.

“Bizim nəsil müdafiə etdiyi siyasətlərin həm iddialı, həm də yerli reallıqlara əsaslanmasını təmin etməlidir. Gənclərin qlobal iqlim gündəliyinin formalaşmasında və yerlərdə fəaliyyətin səfərbər edilməsində praktiki iştirakı əvəzsizdir. Gənclərin iqlimə uyğunlaşma prosesində iştirakı təkcə faydalı deyil, həm də vacibdir”, - deyə L. Həsənova vurğulayıb.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin və COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva müxtəlif qrupların əsas mesajlarını çatdırmaq üçün vətəndaş cəmiyyəti ilə COP29 sədrliyi arasında körpü rolunu oynadıqlarını deyib. O, COP29 vasitəsilə inkişafa və irəliləyişə nail ola biləcəklərinə inandığını qeyd edib.

"Azərbaycanda çaylarda və Xəzər dənizində su ehtiyatlarının azalması, ətraf mühitlə bağlı problemlər kimi ciddi iqlim dəyişiklikləri yaşanır. Bu məsələlərin həllində ictimai monitorinqin keçirilməsi məqsədəuyğun ola bilər. Təşkilatımız Cənubi Qafqaz regionunda Qafqaz dağlarına zərər vuran proseslərin qarşısının alınması üçün təbliğat işlərinə diqqətə göstərir. İçməli suyun, təmiz havanın qorunması hamının qoşulmalı olduğu vacib məsələlərdən biridir”,- deyə P. Vəliyeva vurğulayıb.

Digər çıxış edənlər - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Mehri Hüseynli, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük britaniyalı gənc lideri Manas Çavla, polşalı Klau Chmielowska və hindistanlı Noel Jackson gənclərin, qadınların və ictimai fəalların iqlim dəyişikliyinin təsirlərinin azalmasındakı fəaliyyətlərindən danışıblar. Onlar həmin qrupların maarifləndirmə və siyasət dəyişikliklərinə təkan vermək üçün yorulmadan çalışdıqlarını vurğulayıb, iqlim fəaliyyətində yerli bilik və liderliyin mühüm rolunun nümayişinin vacibliyini diqqətə çatdırıblar.

Yüksək Səviyyəli 29-cu Toplantı mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

xxx

12:00

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı işini Zəngilan rayonunda panel iclaslarla davam etdirir.

Trend xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev açılış nitqi ilə çıxış edib. Bugünkü panel iclası “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzusuna həsr olunub.

Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib ki, Azərbaycan hökuməti Qarabağ regionunu dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevirmək niyyətindədir.

“Cəbrayıl, Qubadlı və Zəngilanda zəngin günəş enerjisi resurslarından istifadə edərək, biz yaşayış binalarına və küçə infrastruktur sistemlərinə günəş panellərini inteqrasiya edirik. Bundan əlavə, elektrikli nəqliyyat vasitələri üçün günəş enerjisi doldurma stansiyaları, “ağıllı parkinq” və digər ekoloji cəhətdən təmiz həllər kimi təşəbbüslər davamlı təcrübələrin həyata keçirilməsinə sadiqliyimizi vurğulayır”, - o bildirib.

Hacıyev xatırladıb ki, Cəbrayılda Böyük Britaniyanın BP şirkəti 240 MVt gücündə günəş elektrik stansiyası tikmək niyyətindədir, “Nobel Energy” şirkəti isə 100 MVt gücündə günəş panelləri istehsalı zavodunun tikintisinə sərmayə qoymaq niyyətindədir: "Bu təşəbbüslər Qarabağ regionunun dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevrilməsinə yönəlmiş milli strategiyaya üzvi şəkildə uyğun gəlir. Bundan başqa, bütün Şərqi Zəngəzur və Qarabağ ərazisində iri tikinti layihələrinin icrası müasir şəhərsalma tendensiyaları ilə davam etdirilir. Tikinti davamlılıq, inklüzivlik və təhlükəsizliyin prioritet olduğu müasir şəhərsalma tendensiyaları nəzərə alınmaqla aparılır. Buna nümunaə olaraq Zəngilan rayonunun “ağıllı kənd”i. Bu kənd dayanıqlı inkişaf məqsədləri nəzərə alınmaqla salınıb. Bu gün Ağalıda 171 ailə yaşayır, sakinlərin ümumi sayı 870 nəfərə çatır".

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tikinti işlərində istilik izolyasiya materiallarından geniş istifadə olunub.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Zəngilanda keçirilən “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı əlavə edib ki, Azərbaycan ağacların əkilməsi və ölkənin yaşıllaşdırılması istiqamətində genişmiqyaslı təşəbbüslər irəli sürüb.

Onun sözlərinə görə, Azərbaycan 270 min hektar meşə sahəsini bərpa etməyi öhdəsinə götürüb.

"2023-cü ildə 4 milyona yaxın ting əkmişik, 2024-cü ildə isə bu rəqəmi daha 5 milyona çatdırmağı planlaşdırırıq".

O qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında Bakıda keçirilməsi hökumətin ətraf mühitə diqqətlə bağlı öhdəliyini vurğulayır: "Azərbaycan üçün COP29-a ev sahibliyi etmək böyük şərəfdir. Tədbir dünya liderlərinə bir araya gəlmək, fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığı gücləndirmək imkanı verəcək. Bu tədbirin Bakıda keçirilməsi həm də Azərbaycanın ətraf mühitə hörmətlə bağlı öhdəliklərini vurğulayır".

Bundan başqa, “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda toplantının iştirakçıları Zəngilan məscidini ziyarət ediblər.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir. Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Xatırladaq ki, toplantının ilk iki günü Bakıda (19-20 iyun) keçirilib.

Diaspora