Minadan zərərçəkənlərin ehtiyacları öyrəniləcək

Minadan zərərçəkənlərin ehtiyacları öyrəniləcək backend

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA )İctimai Birliyi çox vacib bir layihənin icrasına başlayıb. Bu barədə  AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat növbəti dəfə sözü gedən Agentliyin müsabiqəsinin qalibi olub. AMZA Agentliyin maliyyə dəstəyi ilə “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihəni həyata keçirməyə başlayıb.

 

R.Kərimoğlu qeyd edib ki, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil etdiyini qeyd edərək deyib:

 

“Biz layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 10 rayon və şəhərdə (Füzuli, Beyləqən, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirəcəyik. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İNİSMA agentləri sorğular keçiriləcək. Toplanacaq məlumatlar  mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına,  zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. Xüsusi ilə qeyd edim ki, biz layihənin icrası zamanı Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) müəyyənləşdirdiyi prioritetlər nəzərə alacağıq. Onu da vurğulayım ki, sonuncu dəfə bu iş bütün ölkə üzrə 2004-2005-ci illərdə ANAMA-nın rəhbərliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu və bir neçə digər tərəfdaş QHT tərəfindən həyata keçirilib. Amma bildiyiniz kimi, o vaxtdan 20 il keçib. Onlar asında dünyasını dəyişənlər var, eyni zamanda ehtiyacları da dəyişib. Digər tərəfdən 2005-ci ildən üzü bəri 2016-cı ildə aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatları olub. Xeyli insan minadan zərər çəkib. Təkcə  2020-ci ildə 44 günlük Vətən Müharibəsindən sonra 361 nəfər minadan zərər çəkib. Onlardan 68 nəfər həlak olub. ANAMA-nın yaydığı rəsmi məlumata görə, 1991-ci ildən 2024-cü ilin 21 may tarixləri müddətində mina qurbanlarının sayı 3 440 nəfər təşkil edir. Onlardan 358 nəfəri uşaq, 38 nəfəri qadınlardır.”

 

R.Kərimoğlu qeyd edib ki, layihədə çalışanlar əsasən minadan zərərçəkənlərin özləridir.

Diaspora